Dolların dünya ehtiyatlarında payı minimuma düşüb - Son 20 ildə ƏN AŞAĞI GÖSTƏRİCİ

Dolların dünya ehtiyatlarında payı minimuma düşüb

ABŞ dollarının dünya ehtiyatlarındakı payı son 20 il ərzində minimuma düşüb və hazırda təxminən 40% təşkil edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Kobeissi Letter" analitik portalı məlumat verib.

"ABŞ dolları hazırda qlobal valyuta ehtiyatlarının təxminən 40%-ni təşkil edir. Bu, azı 20 ilin ən aşağı göstəricisidir. Son 10 ildə bu pay 18 faiz bəndi azalıb.

Eyni dövrdə qızılın payı dünya rezervlərində 12 faiz bəndi artaraq 28%-ə çatıb. Bu isə 1990-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyədir. Qızıl hazırda dünya valyuta ehtiyatlarının böyük hissəsini təşkil edir və bu da avro, yen və funt-sterlinqin birgə həcmindən daha çoxdur", - deyə analitiklər qeyd ediblər.

"The Kobeissi Letter"in məlumatına görə, bu göstəricilər mərkəzi bankların aktivlərini ABŞ dollarından uzaqlaşdırmaqla diversifikasiya etməyə başlaması və eyni zamanda öz xəzinələrində sürətlə qızıl toplamağa başlaması fonunda baş verir. Nəticədə qızılın qiyməti 2025-ci ildə 65% artıb. Bu, 1979-cu ildən bəri ən böyük illik yüksəlişdir. Eyni zamanda ABŞ dolları indeksi isə 9.4% azalaraq, 8 ilin ən pis illik nəticəsini göstərib.