Dövlət Agentliyi “Azərişıq” barədə iş qaldırdı - ARAŞDIRMA
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərişıq” ASC barədə araşdırmalara başlayıb.
Araşdırmalar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır.
İstehlakçıların elektrik enerjisi borclarının hesablandığı andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmədən elektrik enerjisinin verilişinin dayandırıldığı ilə bağlı Agentliyə vətəndaş müraciətləri daxil olub.
Bu fakt rəqabət qanunvericiliyinin pozulması halı kimi qiymətləndirilib və araşdırılma aparılıb. Araşdırmanın yekun nəticəsi olaraq rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün “Azərişıq” barəsində iş qaldırılıb.
Bundan əlavə, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar “Azərişıq” tərəfindən mənfi rəylərin verilməsi ilə bağlı Agentliyə daha bir vətəndaş müraciətləri də daxil olub.
Hazırda bu istiqamətdə rəqabət qanunvericiliyinin pozulması halları araşdırılır.

