Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçaladakı Olimpiya Kompleksində gənclər üçün tədbir keçirilib.
“Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən görüşdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, vətənpərvər, intellektual və sağlam gənclik hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir. 44 günlük Vətən müharibəsi zamanı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin müdrik idarəçiliyinin və yürütdüyü qətiyyətli siyasətinin məntiqi nəticəsi olaraq yetişən vətənpərvər gənclərimizin misilsiz igidlik, şücaət göstərərək torpaqlarımızı azad etdi, yüz minlərlə keçmiş məcburi köçkünün yurd həsrətinə son qoyaraq xalqımızı məğlubiyyət uçurumundan qalibiyyət zirvəsinə ucaltdıqlarını diqqətə çatdırıb. RİH-in başçısı ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan gəncliyinin inkişafı üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin müəyyən etdiyi strateji vəzifələrin icrasında gənclərimizin fəal iştirakından bəhs edərək, bu gün gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə, eyni zamanda Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinin üzvlərinə, sağlamlıqlarını itirən qazilərimizə göstərilən yüksək dövlət qayğısına görə Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, analoji tədbirlər cari ildə ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.