Dünyaya səs salanTürk Birliyi!
Müzəffər Prezidentimiz cənab İlham Əliyevin: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri bu gün təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının xarici siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib.
Türk dövlətləri arasında inteqrasiyanın, əlaqələrin genişlənməsi istiqamətində son illərdə atılan addımlara nəzər yetirdikdə ciddi uğurların qazanıldığının şahidi oluruq. Məhz bu prosesdə cənab İlham Əliyevin və qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın verdiyi töhfələr ölçüyəgəlməzdir.
Ölkə başçısı bu istiqamətdə öz çıxışlarında hər zaman Türk dünyasının birləşməsinin tarixi hadisə olduğunu və Azərbaycanın bu birliyə, bütün sahələrdə əlaqələrin güclənməsinə böyük önəm verdiyini vurğulayır. Təməlində təbii müttəfiqləri cəmləyən təşkilatın ilbəil öz nüfuzunu artırdığının şahidi oluruq.
Belə ki, eyni soy-kökə dilə, dinə malik xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət,nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Bu günlərdə təşkilata üzv olan dövlətlərin rəhbərlərinin Macarıstanın paytaxtı Budapeştdə yenidən bir araya gəlməsi birliyin daha da güclənməsinə xidmət edən amildir.
Qeyri-rəsmi zirvə görüşü olmasına baxmayaraq görüşdə səslənən fikirlər, verilən bəyanatlar təşkilatın yeni hədəflərinin olduğunu nümayiş etdirdi. Məlumdur ki, 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edəndə bu hadisə Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandı. Təsadüfi deyil ki, bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan geniş yenidənqurma işlərində qardaş ölkələr yaxından iştirak edir, öz töhfələrini verməyə çalışır və tələsirlər. Bəli, işğaldan azad edilmiş ərazilərdə Türk dünyası əsl birlik, qardaşlıq nümayiş etdirir.
Elxan Ələkbərli;
Neftçala rayonu

