ƏMAS-da yeni funksionallıq: işçinin faktiki iş ünvanı yeni qaydada daxil ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) növbəti yenilik tətbiq edilib.
Artıq işəgötürənlər işçinin faktiki iş ünvanını əvvəlki kimi yalnız bir sətrə daxil etməyəcək, məlumatlar üç mərhələ üzrə daha dəqiq şəkildə qeyd olunacaq.
Yeni mexanizmə əsasən, əmək müqaviləsinin “Faktiki iş ünvanı” bölməsində həm Azərbaycan, həm də xarici ölkələr seçilə bilir. Xarici ölkə seçildiyi halda ünvanın tam qeyd edilməsi üçün genişləndirilmiş sahə aktivləşir. Azərbaycan seçildikdə isə əvvəlcə rayon, daha sonra küçə və bina məlumatları daxil edilir.
Bu dəyişiklik ƏMAS-da ünvan məlumatlarının daha dəqiq formalaşdırılmasına, eləcə də işəgötürənlərin məlumatları e-sistemə daha rahat və düzgün daxil etməsinə imkan yaradır.
ƏMAS-da olan bu yenilik əmək münasibətlərinin rəqəmsallaşdırılması, məlumatların tamlığı və sistemin funksionallığının artırılmasında mühüm önəm kəsb edir.

