Əməkdaşlıq üçün böyük imkanlar - ŞƏRH
“Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir. Ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
Məlumdur ki, dövlətlərarası münasibətlər və əməkdaşlığın inkişaf perpektivində əsas amillərdən biri hazırda enerji təhlükəsizliyidir. AzərbaycanıAvropa ölkələri arasında günümüzdə daha cəlbedici edən xüsusiyyət də məhz enerji təhlükəsizliyinin önəmliliyidir. Belə ki, ölkəmizin regionda qüdrətlənməsi, neft və qaz ixracatı ilə tanınması, iqtisadi inkişafı vəenerji sahəsindəki roluonun beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Azərbaycan enerji sahəsində artıq Avropa İttifaqı ölkələrinin fəal tərəfdaşına çevrilib. Hazırda ölkəmiz Avropanın 12 ölkəsini boru ilə nəql olunan qazla təmin edir. Bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi, əlbəttə ki, strateji əhəmiyyət daşımaqla bərabər Azərbaycanın iqtisadi, siyasi mövqeyini və diplomatik təsirinin yüksəlməsinə də kömək göstərir. Azərbaycanla əməkdaşlıq mövqeyini genişləndirmək istəyində olan Avropa ölkələrindən biri də Şimali Makedoniyadır. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın mart ayının 11-də Azərbaycan Respublikasına rəsmi səfəri, prezidentlərin görüşü, verilən bəyanatlar iki ölkə arasında əməkdaşlığın inkişafında önəmli irəliləyişdən xəbər verir. Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuşdur. Hər iki ölkə dövlət müstəqilliyini qazandıqdan sonra öz inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan coğrafi mövqeyinə, siyasi nüfuzuna, etibarlı tərəfdaşlılığına, həmçinin nəqliyyat və logistika sahələrindəki inkişafına görə Avropa ölkələri üçün cəlbedicidir. Bu cazibliyin əsas amilini ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynaması təşkil edir. Azərbaycan, həm də daha çox qaz ixrac etmək imkanlarına malikdir. Azərbaycan qazı, həm də bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Qeyd olunduğu kimi ölkəmizin təbii qaz ixrac etdiyi ölkələrdən 10-u Avropa ölkəsidir. Azərbaycan qazı ötən ilin sonlarından Şimali Makedoniyanın da bazarına çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “gələcəkdə lazım olan həcmdə qaz təchizatı artırıla bilər. Çünki bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparılır”. Görüşün məqamlarından göründüyü kimi Azərbaycan-Şimali Makedoniya əməkdaşlığı iqtisadiyyat, ticarət, enerji və nəqliyyat, habelə humanitar sahələrdə yeni mərhələyə qədəm qoyur. Hər iki dövlətin geosiyasi mövqeyi, regional maraqlarını nəzərə alsaq Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq münasibətlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, bu əməkdaşlıq Azərbaycanın Balkan bölgələrində, Şimali Makedoniyanın isə Cənubi Qafqazda strateji əlaqələr qurmaq imkanının əldə olunmasına şərait yaradacaq. Bu da hər iki ölkənin iqtisadi, siyasi, enerji və mədəni inkişafına təsirsiz ötüşməyəcəkdir. Bununla yanaşı, hər iki ölkənin regionda, həm Balkan, həm də Cənubi Qafqazda sıx iqtisadi əlaqələrin qurulmasınada şərait yaradacaqdır. Bu da daha geniş imkanlara, regional və beynəlxalq bazarlara çıxışın təmin olunmasına, o cümlədən diplomatik təsirin artırılmasına da yol açacaqdır. İqtisadi-ticari imkanların genişləndirilməsi ilə yanaşı beynəlxalq səviyyədə daha çox tərəfdaşlıq və dəstək imkanları əldə etmək Azərbaycanın xarici siyasətinin vacib elementini təşkil edir. Göründüyü kimi Şimali Makedoniya və Azərbaycanın iqtisadi vəticari işbirliyi, qarşılıqlı anlaşma və dostluq münasibətləri çərçivəsində əməkdaşlıq perspektivləri üçün yüksək nəticələr vəd edir, yenilayihələrin zəruriliyini də artırır. Bu da öz növbəsində yeni hədəflər, yeni imkanlar deməkdir.
Nəzakət Məmmədova;
Neftçala rayonu

