Gəncədə beynəlxalq forum keçirilib

Gəncədə beynəlxalq forum keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə birlikdə “Dayanıqlı ərzaq təhlükəsizliyində elm və innovasiyaların rolu” mövzusunda beynəlxalq forum keçirilib.

Forumda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, FAO tərəfindən oktyabrın 3-5-dək Avropa və Mərkəzi Asiya üçün regional Elm və İnnovasiya Həftəsi olaraq qeyd olunur. Forumun keçirilməsində məqsəd respublikada elm və innovasiyanın aqrar sahə ilə inteqrasiyasının mövcud vəziyyətini təhlil etmək və perspektivləri müzakirə etməkdir.

ADAU ilə FAO arasında əməkdaşlığın davam etdiriləcəyini deyən rektor qeyd edib ki, ADAU aqrar sahənin innovativ inkişafında maraqlıdır və bu istiqamətdə ali təhsil müəssisəsində işlər görülür. Həmçinin universitetdə fəaliyyət göstərən İnnovasiyalar mərkəzində də bir çox layihənin icrası nəzərdə tutulub.

FAO-nun Azərbaycan nümayəndəliyinin tərəfdaşlıq və əməliyyatlar üzrə mütəxəssisi Aynur Seidyusif çıxışında dünyada artan əhali sayı və iqlim dəyişikliyi fonunda təbii ehtiyatların azalmasının mütəxəssisləri sərt addımlar atmağa vadar etdiyini deyib: “Kənd təsərrüfatı sahəsində elmin və innovasiyaların inkişafının əhəmiyyəti böyükdür. Burada təkcə, məhsuldarlığın artırılmasından söhbət getmir, həm də biomüxtəlifliyi artıran ekoloji təmiz təcrübələrdən, zərərvericilərin yayılmasının proqnozlaşdırılmasından, suvarmanın optimallaşdırılmasından və quraqlığa davamlı məhsulların yetişdirilməsindən gedir”.

Kənd Təsərrüfatı Nazirliyinin İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, ölkəmizdə aqrar sahədə innovasiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Ərzaq təhlükəsizliyi bütün dövrlərdə insanlıq üçün ən vacib amil olub. İnnovativ texnologiyaların tətbiqi hesabına ənənəvi əkinçilikdən innovativ əkinçiliyə qədəm qoyulub.

İki paneldən ibarət forumun ilk panelinin açılışında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov çıxış edərək, ADAU-nun yeni tədris binasının, yataqxana kompleksinin, müasir laboratoriyalarının və yaradılan şəffaf mühitin yüksək keyfiyyətli mütəxəssis hazırlamaq üçün əhəmiyyətini diqqətə çatdırıb. O, dünyada iqlim dəyişikliyi ilə bərabər baş verən proseslərin aqrar sahədə innovasiyaların tətbiqini vacib etdiyini deyib: “Azərbaycan Dövlət Aqrar Universitetində fundamental bilikləri dərindən bilən alimlərin, müasir maddi-texniki bazanın və həvəsli gənc nəslin olması bu sahədə görüləcək işlərin müsbət gələcəyindən xəbər verir”.

Sonra “Zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri və fumiqasiya” adlı ilk panelin iştirakçıları çıxışlar ediblər. Çıxışlardan sonra forum iştirakçılarının sualları cavablandırılıb.

İkinci panelinin açılışında çıxış edən Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürrəhmanov Elm və İnnovasiya Həftəsi çərçivəsində keçirilən forumu yüksək qiymətləndirib.

“Elm və innovasiya Respublikamızda heyvandarlığın davamlı inkişafına necə töhfə verə bilər? Süni mayalanma və embrion transferi” adlı sonuncu panelin iştirakçıları da çıxış ediblər.

Çıxışlardan sonra forum iştirakçılarının sualları cavablandırılıb.