"Google" 32 milyon ağcaqanadı təbiətə buraxmağa hazırlaşır
"Google" ABŞ-nin müvafiq dövlət qurumlarından Kaliforniya və Florida ştatlarında 32 milyon erkək ağcaqanadın təbiətə buraxılması üçün icazə istəyib.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, şirkət bu yolla təhlükəli virusların yayılmasının qarşısını almağı hədəfləyir.
"Debug" layihəsi çərçivəsində həyata keçirilən təşəbbüs "Aedes aegypti" növünün sayını azaltmağı nəzərdə tutur. Bu ağcaqanadlar sarı qızdırma, denge, Zika və çikunqunya kimi bir sıra ciddi xəstəliklərin daşıyıcısıdır. Layihənin əsas özəlliyi ondadır ki, laboratoriyada yetişdirilən və volbaxiya (Wolbachia) bakteriyası ilə yoluxdurulan bu erkək ağcaqanadlar dişləmir (insan qanı ilə yalnız dişi ağcaqanadlar qidalanır).
Sözügedən erkək ağcaqanadlar təbiətdəki dişi ağcaqanadlarla cütləşdikdə, yumurtaların inkişafının qarşısı alınır. Beləliklə, hər yeni nəsildə xəstəlik yayan ağcaqanadların sayı nəzərəçarpacaq dərəcədə azalır.
Alimlər bu prosesdə süni intellekt, kompüter görməsi (computer vision) və böyük verilənlərin (big data) təhlili texnologiyalarından istifadə edirlər. Mütəxəssislər bildirirlər ki, pestisidlərin istifadəsi kimi ənənəvi üsullar həm ətraf mühit üçün risklidir, həm də çox vaxt kifayət qədər effektiv olmur.
Hazırda ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) müraciəti araşdırır. İctimai müzakirələr iyunun 5-də başa çatdıqdan sonra qurum yekun qərarını verəcək.
Qeyd edək ki, layihə daha əvvəl Sinqapurda uğurla tətbiq olunub. Orada volbaxiya bakteriyalı erkək ağcaqanadların buraxılmasından sonra "Aedes aegypti" populyasiyası 80-90%, denge qızdırmasına yoluxma halları isə 6-12 ay ərzində 70%-dən çox azalıb.


