Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"

Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"

"ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında illərdir davam edən münaqişəyə son qoymaq istiqamətindəki uğurlu fəaliyyəti Cənubi Qafqazın strateji mənzərəsini dəyişdirərək Vaşinqtonla Bakı əlaqələrində yeni mərhələnin əsasını qoyub".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən həftənin sonlarında Bakıda "Newsmax" nəşrinin baş direktoru Kristofer Raddiyə verdiyi eksklüziv müsahibəsində bildirib.

H.Hacıyev beynəlxalq diplomatiyanın onilliklər ərzində nail ola bilmədiyi nəticənin məhz Trampın şəxsi müdaxiləsi sayəsində əldə edildiyini vurğulayıb.

O, K.Raddiyə verdiyi açıqlamada qeyd edib:

"Prezident Trampın bu vəzifəyə gəlməsi ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq və tərəfdaşlıq formatını tamamilə yenilədi. Ən əsası isə o, Cənubi Qafqaz regionuna sülh gətirdi".

O, 2025-ci il avqustun 8-də Donald Trampın Ağ Evdə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı iki ölkə rəhbərinin 30 ildən çox davam edən münaqişəni sona çatdırmaq məqsədi daşıyan tarixi birgə bəyannamənin imzalanması haqqında danışıb.

H.Hacıyev bildirib ki, Ağ Ev bu bəyannaməni mühüm diplomatik sıçrayış kimi qiymətləndirib, İ.Əliyev və N.Paşinyan isə bu razılaşmanın əldə olunmasında D.Trampın müstəsna rolunu ictimaiyyət qarşısında xüsusi qeyd ediblər.

Ağ Evdəki görüşdə iştirak edən H.Hacıyev bunu "tarixi an" adlandıraraq bildirib ki, Prezident Trampın liderliyi prosesə siyasi nüfuz qazandırdı və Azərbaycanla Ermənistanı yekun sülhə gətirib çıxardı".

O, sözügedən sənədin potensial əhəmiyyətini Yaxın Şərqdəki Kemp-Devid razılaşmaları ilə müqayisə edib.

Bu nailiyyətin dəyəri Azərbaycanın sahib olduğu həlledici coğrafi mövqe sayəsində daha da artır.

Xəzər dənizi sahilində yerləşən, Rusiya və İranla qonşu olan Azərbaycan Naxçıvan anklavı vasitəsilə NATO üzvü Türkiyə ilə həmsərhəddir. Ölkə Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan, Şərqlə Qərb arasında həyati əhəmiyyətli körpü rolunu oynayır.

Əsasən, müsəlman və şiə əhalisinə malik olmasına baxmayaraq, dövlət İsraillə olduqca sıx və qeyri-adi dərəcədə güclü əlaqələr saxlayır.

"Coğrafiya bizim taleyimizi müəyyən edir", - deyə H.Hacıyev K.Raddiyə bildirib və Azərbaycanın həm İran, həm də Rusiya ilə sərhədlərinin olmasına diqqət çəkib.

Məhz bu coğrafi mövqe Bakını Vaşinqtonun təhlükəsizliklə bağlı bir sıra qlobal məsələlərinin - İran, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Avropanın enerji təhlükəsizliyi və Mərkəzi Asiyanın artan strateji rolu kimi mövzuların mərkəzinə çevirir.

İrandan danışarkən H.Hacıyev mühüm bir məqama toxunub: regionda artan gərginliyə rəğmən, Bakı diplomatik həll yolunun hələ də mümkün olduğuna inanır və münaqişənin miqyasının genişlənməsinin qarşısını almağa çalışır.

Oxu.az