İcra başçısı səyyar qəbul keçirib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı Xol Qaraqaşlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə ucaldılan Abidə Kompleksi şəhid ailələri ilə birlikdə ziyarət olunub, ruhlarına dualar oxunub və gül dəstələri düzülüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Xol Qaraqaşlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xol Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “XX əsrdə Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş verib. Ötən əsrdə ölkəmizdə iqtisadi, sosial sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman da böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışından sonra respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq nüfuzunun formalaşması prosesini iflic etsə də, Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra bədən tərbiyəsinin kütləvililiyi sahəsində müəyyən irəliləyişlər haqqında görüş iştirakçılarına məlumat verilib.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 1991-1993-cü illərdə respublikamız böyük çətinliklərlə üz-üzə qaldığı bir zaman xalq üzünü Heydər Əliyevə tutdu və dahi şəxsiyyətin xalqın tələbilə yenidən hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin yeni bir dövrü başlandı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatının bütün sahələrində böyük uğur qazanaraq, bütün dünyada tanınmağa, eyni zamanda, ölkəmizdə idman və Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə başladı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələrində inkişafa nail olunduğu kimi, bədən tərbiyəsi və idmanın kütləvililiyində geniş uğurlar əldə olunmağa başladı. Ulu öndər Heydər Əliyevin 179 saylı Fərmanına əsasən 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etdi və bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirdi. Ölkəmizdə idmana olan xüsusi diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikanın regionlarında yeni Olimpiya İdman Kompleksləri inşa olunur, məktəblərdə yeni idman qurğuları quraşdırlır, idmana və idmançılara xüsusi diqqət olunur. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, Kür çayında suyun azlığı, suvarma suyu ilə təmin olunma, idman meydançasının məktəbin ərazisinə daxil olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.