İldə 220 milyon kub metr təbii qaza qənaət ediləcək - AÇIQLAMA
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev bildirib.
Onun sözlərinə görə, stansiyanın inşası Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilib.
"Stansiyanın tikintisinin baş podratçı qismində Çin Xalq Respublikasının “Power China” şirkəti iştirak edib. Stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 36,8 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb",- o vurğulayıb.
2026-cı ilin yanvarın 8-də İlham Əliyevin iştirakı ilə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Stansiyada illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək.

