İqtisadiyyat Nazirliyinin bir qurumu digərinə 10 milyon manat borcludur

İqtisadiyyat Nazirliyinin bir qurumu digərinə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət büdcəsinə vergi borcu 10 milyon manata yaxınlaşıb.

Plat.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, sözegedən qurumun vergi borcu avqust ayının 26-na 9 milyon 790 min 438,3 manat təşkil edir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin vergi borcunda son illərdə artım müşahidə olunur.

2024-cü ildən ilk dəfə Xidmətin 7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxmışdı. Həmin vaxt ƏMDX mediaya açıqlamasında vergi borcu məsələsinə aydınlıq gətirərək həmin borcun 2011–2012-ci illərdə dövlət büdcəsindən ayrılmış əsaslı vəsait qoyuluşu hesabına tikilmiş obyektlərlə bağlı yarandığını bildirmişdi. Bununla belə, qurumun vergi borcu 2025-ci ildə də artaraq 8,35 milyon manata çatmışdı. Ümumilikdə 2024-cü ilin mayında qurumun açıqladığı 6,57 milyon manatlıq göstərici ilə müqayisədə isə Xidmətin borcu 3,22 milyon manat və ya təxminən 49% artıb. 

Əlavə edək ki, qurum 2009-cu ildən fəaliyyət göstərir, qanuni təmsilçisi Mətin Balasən oğlu Eynullayevdir. 2019-cu ildə Prezident İlham Əliyevin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestri, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili sahələrində dövlət siyasətini həyata keçirir. Qurum, həmçinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir.