Laçın Azərbaycanın tarixi əhəmiyyətli guşəsidir!

Laçın Azərbaycanın tarixi əhəmiyyətli guşəsidir!

27 sentyabr 2020-ci il tarixində başlanmış və 44 gün davam etmiş, tariximizə Vətən Müharibəsi kimi daxil olmuş, şanlı döyüşlər nəticəsində əldə edilmiş Qələbə otuz illik torpaq həsrətimizə son qoymaqla yanaşı, milli kimliyimizi dünyaya nümayiş etdirdi.  

Qazanılmış tarixi Zəfər nəticəsində düşmən kapitulyasını qəbul edərək önümzdə diz çökdü. 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Bəyanat müharibənin nəticələrini özündə ehtiva etdi. Razılığa əsasən bir vaxtlar qan tökülərək düşmən nəzarətinə keçmiş əzəli yurdumuz Laçını düşmən elə həmin il dekabr ayının 1-də döyüşsüz əzəli sahiblərinə təslim etdi. Artıq işğaldan azad edilmiş hər bir şəhərimizin tarixi Qələbə günləri təntənə ilə qeyd ediləcəkdir. Belə ki, cənab Prezident İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən, 26 avqust tarixi Laçın şəhəri günü kimi təsis edilib. Sərəncama əsasən Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.

Laçın şəhəri gününün qeyd olunması ərəfəsində, avqust ayının 25-də Laçın rayonunun Zabux kəndindən məcburi köçkün düşmüş soydaşlarımızın öz yurdlarına qayıtmasının birinci mərhələsinə start verildi. Belə ki, ilkin mərhələdə 88 nəfər olmaqla 20 ailənin yenidən tikilmiş evlərində məskunlaşdırılmaları təmin edildi. Qeyd edək ki, 1 dekabr tarixində düşmən Laçın rayonunu bizə təhvil versə də, müəyyən səbəblərdən Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizə keçməmişdi. Səbəb isə Laçın dəhlizinin məhz  Laçın şəhərinin mərkəzindən və bu iki  kənddən keçməsi idi. Belə olan halda yeni yolun çəkilişi məsələsi ortaya çıxdı. Bu məsələdə də Azərbaycan öhdəsinə düşəni vaxtında və layiqincə yerinə yetirdi. Rusiya tərəfi ilə marşrut xətti təsdiqləndi və təxirəsalınmaz tədbirlər görülərək yolun çəkilişi hətta vaxtından tez yekunlaşdı. Bir il 8 aydan sonra artıq alternativ yol hazır idi və razılaşmaya görə 2022-ci il avqust ayının 5-də ermənilər Laçın şəhərini tamamilə boşaldaraq təhvil verməli idilər. Lakin düşmən bu məsələdə də manipulyasiya etməyə cəhd etdi, avqustun 25-nə qədər əlavə vaxt istəməklə çirkin niyyətlərini davam etdirəcəklərinə sadəcə ümid etdilər.

Bu məsələdə cənab Prezident yüksək humanizm nümayiş etdirərək dünyaya bir daha mesaj verdi. Və nəhayət, 26 avqust 2021-ci ildə Müzəffər Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Zabux, Sus kəndləri nəzarətə götürüldü. Bu gün artıq həm Laçında, həm də Zabux və Sus kəndlərində sürətli məskunlaşma siyasəti aparılır. İnsanlarımız öz yurdlarına böyük sevinc, qürur və razılıq hissi ilə qayıdırlar. Tarixi Zəfərin memarı Müzəffər Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqust ayının 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edərək hər bir azərbaycanlının yanında olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün hər bir vətəndaşımızda böyük inam hissi vardır ki, zaman gələcək biz bu bayramları Zəngəzurda, Göyçədə, əzəli Azərbaycan torpaqlarının hər yerində qeyd edəcəyik!.

Ağamirzə Əhmədov;
Neftçala rayon ağsaqqalı