Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Azərbaycanın dünya ölkələri ilə bu günki siyasi-iqtisadi münasibətləri qarşılıqlı etimada əsaslanır.

Aparılan düşünülmüş və məqsədyönlü xarici siyasət o, cümlədən Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi Zəfər Ölkəmizin nəinki regionda, həm də dünya çapında artan nüfuzuna böyük təkan vermiş oldu. Təsadüfi deyil ki, Azərbaycan bu gün dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş ölkə, dayanıqlı ictimai-siyasi sabitliyin bərqərar olduğu güclü dövlət kimi qəbul edilir. Bu günlərdə, sentyabr ayının 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Ölkə başçısı cənab İlham Əliyevin fəxri qonaq kimi iştirak etməsi həqiqətən də Ölkəmizin və Prezidentimizin artan siyasi nüfuzunun əyani göstəricisidir. Xüsusi vurğulayaq ki, Mərkəzi Asiya Dövlət başçılarının keçirilən görüşləri tarixində ilk dəfə idi ki, həmin görüşdə regiondan kənar ölkənin rəhbəri iştirak edirdi. Bir daha qeyd etmək yerinə düşər ki, bu tarixi hadisə həqiqətən də cənab İlham Əliyevin şəxsi  nüfuzunun, onun regionda və dünyada haqqın-ədalətin, əbədi sülhün əldə olunması iqtiqamətində göstərdiyi ali təşəbbüslərinin sayəsində mümkün olmuşdur.

Bu gün Ölkəmizin xarici ticarət tərəfdaşlarına diqqət yetirdikdə həmin ölkələr sırasında Türk dilli ölkələr, o, cümlədən Mərkəzi Asiya ölkələri xüsusi yerə sahibdir. Hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mövcud olan əlaqələr daha da möhkəmlənərək, strateji tərəfdaşlıq müstəvisinə qədəm qoyub. Görünən odur ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanla olan iqtisadi əlaqələrinin əhatəsini daha da genişləndirmək marağındadırlar. Vətən Müharibəsindəki tarixi Qələbə ilə Azərbaycan tarixi və suveren ərazilərimiz olan Qarabağı və Şərqi Zəngəzuru düşməndən azad etməklə Türk dünyası və Mərkəzi Asiya ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün əlverişli zəmin yaratdı. Bir məsələni də qeyd edək ki, Mərkəzi Asiya ölkələri daim Azərbaycanın haqq işinə dəstək verib. Qeyd etdiklərimiz bir daha sübut edir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni siyasi cığır, ölkələr arasında yeni perspektivlərin yaranması bundan sonra da uğurla davam və inkişaf edəcəkdir.

Cahangir Abdullayev;
Neftçala rayon ağsaqqalı