Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.
Mərkəzi Bankdan bildirilib ki, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard dollar məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon dollar artıb.
Aprel ayında alınmış 1 milyard dolların tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaq.


