Mətbəx süngərlərinin gizli zərəri
Mətbəx süngərlərinin ətraf mühitə təsiri araşdırılıb və məlum olub ki, onlar mikroplastik yayırlar.
Oxu.Az xəbər verir ki, Bonn Universitetinin mütəxəssisləri mətbəx süngərlərinin ekologiyaya təsirini təhlil ediblər. Elmi iş "Environmental Advances" jurnalında dərc olunub.
Dünyada hər gün milyonlarla insan mətbəx süngərlərindən istifadə etsə də, onların ətraf mühitin mikroplastiklərlə çirklənməsindəki rolu indiyədək kifayət qədər öyrənilməmişdi. Tədqiqatçılar bu boşluğu doldurmaq məqsədilə laboratoriya sınaqları ilə yanaşı, Almaniya və Şimali Amerikadan olan könüllülərdən toplanan məlumatları birləşdirərək yeni araşdırma aparıblar.
Tədqiqat iştirakçıları gündəlik məişət şəraitində üç fərqli süngər növündən istifadə edərək, onların aşınma xüsusiyyətlərini qeydə alıblar. Alimlər material itkisini müəyyən etmək üçün süngərləri istifadədən əvvəl və sonra çəkiblər. Bununla yanaşı, qabyuma zamanı yaranan mexaniki təsirləri imitasiya edən "SpongeBot" avtomatlaşdırılmış cihazı vasitəsilə əlavə laboratoriya sınaqları həyata keçirilib.
Məlum olub ki, yoxlanılan bütün süngərlər zamanla aşınır və ətraf mühitə mikroplastik yayır. Süngərin tərkibindən asılı olaraq, hər adama düşən illik tullantı həcmi 0.68 ilə 4.21 qram arasında dəyişir. Tərkibində daha az plastik olan məhsullar isə əhəmiyyətli dərəcədə az mikrohissəcik yayır.
Bununla belə, təhlillər təsdiq edib ki, ekoloji zərərin əsas səbəbi mikroplastiklər deyil. Qabların əllə yuyulmasının təbiətə göstərdiyi ümumi mənfi təsirin 85-97%-i su sərfi ilə əlaqədardır. Bu göstərici fonunda mikroplastiklərin təsiri nisbətən az nəzərə çarpır.
Tədqiqat müəllifləri bildirirlər ki, ekoloji izi bir neçə sadə üsulla azaltmaq mümkündür. Qab yuyarkən su sərfiyyatının azaldılması ən böyük səmərəni verəcək. Həmçinin, mütəxəssislər resurs istehlakını və tullantıların miqdarını aşağı salmaq üçün tərkibində plastik az olan süngərlər seçməyi və onlardan mümkün qədər uzun müddət istifadə etməyi məsləhət görürlər.
Alimlərin fikrincə, nəticələr mətbəx süngərlərindən qaynaqlanan mikroplastik probleminin mövcudluğunu təsdiqləyir. Ancaq məişət vərdişlərinin ətraf mühitə təsirini qiymətləndirərkən təkcə plastik çirklənməsini deyil, bütün amilləri nəzərə almaq vacibdir.


