Mülki pilotsuz uçuş aparatlarına nəzarət olacaq

Mülki pilotsuz uçuş aparatlarına nəzarət olacaq

Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.

Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir. (APA)