Neftçi övladları bayram günlərində valideynlərinin peşələri ilə tanış oldular
Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünəməxsus şəkildə qeyd edib. Neftçilərin övladları bu günü valideynlərinin peşələri ilə daha yaxından tanış olmaq üçün onların çalışdıqları iş yerlərində keçiriblər.
Azərbaycanın neft hasilatının beşiyi hesab edilən Abşeronun tarixi mədənlərinə ekskursiyada iştirak edən balacalar mütəxəssislərin bələdçiliyi ilə təbii ehtiyatların hasilat mərhələləri, buruqların və dəzgahların texnoloji prosesdəki rolu və digər maraqlı məlumatlarla tanış olublar. Onlar həmçinin inzibati ərazilərdə vaxt keçirib, heyətin vəzifələri və məsuliyyətləri barədə öyrəniblər.
Neftçi övladlarını bayram günündə salamlayan “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev bildirib: “Bu gün bizim üçün sadəcə günümüzün əksər hissəsini keçirdiyimiz məkanı uşaqlarımıza göstərmək fürsəti deyil. Həm də bizi gündəlik fəaliyyətimizdə irəli aparan dəyərlər- fədakarlıq, məsuliyyət, dürüstlük, zəhmət və komanda ruhu ilə onları tanış etmək fürsətidir. Hər bir valideyn övladının sağlam, xoşbəxt və uğurlu gələcəyini arzulayır. Bunları biz onlara tək yaratdığımız şəraitlə deyil, həm də öz nümunəmizlə veririk. Hasilat şirkətlərimizdə neftçi peşəsini nəsildən-nəsilə daşıyan ailələrdən gələn kifayət qədər əməkdaşımız var. Bəlkə bu gözəl balalar arasında də gələcəyin neftçiləri olmaq arzusu yaranacaq.”
Neftçi övladlarına Uşaqların Müdafiəsi Günü ilə bağlı təbriklərini həmçinin şirkətlərdə çalışan veteran əməkdaşlar da çatdırdılar, neftçilərin Azərbaycanın inkişafına verdikləri töhfələrdən söhbət açdılar.
Hasilat şirkətlərinin xüsusi gününə qatılan Azərbaycan Respubikası Milli Məclisinin üzvü Vüqar Rəhimzadə və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov isə tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin uşaqların hərtərəfli inkişafını hədəfləyən dövlət proqramlarının uğurlu nəticələrini xatırlatdılar, Heydər Əliyev Fondu tərəfindən icra edilən biri-birindən miqyaslı layihələrin Azərbaycanın övladlarına sağlam, xoşbəxt, azərbaycançılıq ruhunda böyümələri üçün geniş imkanlar yaratdığını vurğuladılar.
Balacalar bayram gününü valideynləri ilə birgə maarifləndirici ruhda keçirdikdən sonra, onlar üçün təşkil edilən kiçik şənlikdə də iştirak etdilər. Sonda heyətlə bərabər hasilat ərazilərinin yaşıllaşdırılması məqsədilə keçirilən ağacəkmə aksiyasında iştirak edərək öz kiçik zəhmətləri ilə unudulmaz xatirə yaratdılar.





