Anlaşma Memorandumu imzalanıb

Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, institutun İdarə Heyətinin sədri Əli Nəbiyev və universitetin prorektoru Fariz İsmayılzadə tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin bölüşülməsi kimi məsələlər öz əksini tapıb.

Belə ki, Anlaşma Memorandumuna əsasən, AQTİ-nin elmi potensialının gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsi məqsədilə ADA Universitetinin professor və müəllim heyəti institutun Elmi Komitəsinə cəlb ediləcək. AQTİ ilə ADA Universiteti arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, təhsilin müxtəlif pillələri üçün yeni tədris proqramlarının hazırlanması istiqamətində əməkdaşlıq qurulacaq. Həmçinin qida məhsullarının təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılması sahəsində qarşılıqlı bilik və təcrübə mübadiləsi aparılacaq, magistr və doktorantlar elmi araşdırmalara cəlb olunacaq.

Qarşılıqlı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işləri, müştərək layihələr hazırlanacaq və həyata keçiriləcək. ADA Universitetinin bakalavr, magistr və doktorantları institutun elmi-tədqiqat işlərinə cəlb ediləcək, qanunvericiliyə uyğun olaraq, elmi rəhbər, məsləhətçi və opponentlərin təyin olunması dəstəklənəcək. Eyni zamanda, AQTİ ilə ADA Universiteti arasında əvvəlcədən müəyyən edilmiş mövzular əsasında seminar və təlimlər keçiriləcək, tələbələr təcrübə proqramlarına cəlb olunacaq. Birgə elmi-praktiki və elmi-metodiki konfrans, simpozium və digər tədbirlər təşkil ediləcək. Mütəmadi olaraq, informasiya mübadiləsi aparılacaq və müvafiq fəaliyyət sahəsində tərəflərin məlumatlandırılması istiqamətində işlər həyata keçiriləcək.