Neftin bahalaşması Azərbaycana hansı faydaları verəcək? - AÇIQLAMA
“Neft gəlirlərinin artması Azərbaycanda aparılan sosial siyasətin daha da genişləndirilməsinə imkan verəcək”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Regionda baş verən proseslərə toxunan deputat bildirib ki, Hörmüz boğazı dünya ticarətinin əsas arteriyalardan biridir:
“Burada gərginliyin davam etməsi dünya bazarında enerji daşıyıcıların qiymətlərinin artmasına yol açıb. Neftin və qazın qiymətinin artması istehsalçı ölkələrin gəlirlərin artmasına töhfə verir. O cümlədən, Azərbaycan da neft-qaz istehsal edən ölkə olduğundan ixrac etdiyimiz enerji daşıyıcılarına görə ölkəmizə əlavə gəlir gətirir”.
Deputat vurğulayıb ki, gəlirlərin artması ölkədə aparılan sosial siyasətin daha da genişləndirilməsinə, nəticədə isə nəzərdə tutulmuş sosial proqramların vaxtında icra olunmasına və əhalinin sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək.
Sosial siyasətdən danışarkən dövlətimizin iqtisadi gücündən də bəhs edən A.Badamov söyləyib ki, Azərbaycan işğaldan azad etdiyi əraziləri kənardan heç bir kömək olmadan, məhz özünün iqtisadi gücü hesabına yenidən quraraq bərpa edir:
“Bu proses böyük maliyyə resursları tələb edir. Bu baxımdan ixrac olunan neft və qazdan gələn əlavə gəlirlər həm də işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını və bərpasını, o cümlədən keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtma prosesini sürətləndirəcəkdir”.
Deputat əlavə edib ki, bu gün qlobal neft bazarındakı artımlar mövcud siyasi gərginliklər və müharibələrlə bağlı müvəqqəti haldır: “Amma Fars körfəzində və Hörmüz boğazında yaxın zamanlarda vəziyyətin normallaşmaya gedəcəyi gözlənilir. Bu da bu gün qlobal bazarlarda dalğalanan neft qiymətlərin də sabitləşməsinə yol açacaq”.

