Oktyabrın 20-si Energetiklər Günüdür

Oktyabrın 20-si Energetiklər Günüdür

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On doqquz ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 42 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Bu gün Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edir

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.