Orta Dəhlizdən böyük qazanc: Azərbaycan üçün fürsətlər artır

Orta Dəhlizdən böyük qazanc:

“Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında xüsusilə son illərdə iqtisadi münasibətlər daha da dərinləşib. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında azad ticarət sazişləri mövcuddur. Hər iki tərəf azad ticarət prinsiplərinin üstünlüklərindən istifadə edir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bildirib.

N.Hacızadə tranzit yanaşmaları ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycanın iqtisadi gəlirlərini artırmaq imkanı var:

“Çindən gətirilən yüklər Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxarılır. Bu baxımdan Azərbaycanın iqtisadi gəlirlərini artırmaq imkanı var. Təbii ki, bunun üçün Mərkəzi Asiya ölkələri ilə mütəmadi görüşlərin keçirilməsi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşu, birgə emal müəssisələrinin yaradılması prioritetdir. Xüsusilə, Avropaya yaxınlıq, açıq iqtisadiyyata malik olma, emal sənayesinin dərinləşməsi nöqteyi-nəzərindən Azərbaycan unikal imkanlara malikdir. Azərbaycan Mərkəzi Asiya ölkələrindən aralıq və xammal məhsullarını idxal edib, emal edərək Avropaya ixrac edə bilər. Nəticədə həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan əlavə dəyərin artması ilə ciddi dividendlər qazanacaq. Bu da ölkəmizin iqtisadi artım əldə etməsinə təsir göstərəcək”.

Nicat Hacızadə vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında bir çox platforma çərçivəsində fəal əməkdaşlıq mövcuddur:

“Son illər Azərbaycan mənşəli qeyri-neft, qaz məhsullarının Mərkəzi Asiya ölkələrinə ixracı artıb, təxminən 5 faizdən yuxarıdır. Burada əsas yeri əsasən aralıq məhsulları tutur. Mərkəzi Asiya ölkələrindən Azərbaycana da idxal artıb. Ötən illə müqayisədə xarici ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu da C6-ya üzvlük çərçivəsində münasibətlərin inkişafı ilə əldə olunan göstərici kimi qəbul edilə bilər”.

2026-cı il planlarına gəlincə, N.Hacızadə bildirib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələri daha da dərinləşdirmək niyyətindədir:

“Gələcəkdə birgə müəssisələrin yaradılması planları var. O cümlədən qarşılıqlı investisiyaların artırılması ilə bağlı müzakirələr aparılır. Xüsusilə, Ələt Azad İqtisadi Zonasına investisiyanın cəlb olunması arzuolunandır”.