PAŞA Bank yeni kredit müqaviləsi imzalayıb
Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və “CEİ Naxçıvan” MMC, Azerbaijan Green Energy Company (AGEC) müəssisəsinin törəmə şirkəti Naxçıvan Muxtar Respublikasında inşa ediləcək “Şəms 1” günəş elektrik stansiyasının layihə maliyyələşdirilməsi üzrə kredit müqaviləsi imzalayıblar. Tərəflər arasında əldə olunan razılaşma Azərbaycanın yaşıl enerji gündəliyinin irəlilədilməsi, dayanıqlı enerji infrastrukturunun inkişafı və aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi istiqamətində mühüm addımdır.
AGEC tərəfindən Babək rayonu ərazisində, Başbaşı kəndi yaxınlığında inşa ediləcək “Şəms 1” günəş elektrik stansiyası 25 MVt gücə malik olacaq. Layihə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının artırılmasına, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının yüksəldilməsinə və Azərbaycanın iqlim hədəflərinə nail olunmasına mühüm töhfə verəcək.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsində maliyyə institutlarının rolu getdikcə daha da artır.
“Şəms 1” layihəsinə dəstəyimiz Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və real sektorda yaşıl investisiyaların təşviqinə yönəlmiş uzunmüddətli strategiyamızın növbəti mühüm addımıdır. Bu layihə PAŞA Bankın Azərbaycan Respublikası Mərkəzi Bankının bank sektoru qarşısında müəyyən etdiyi 2030-cu ilədək 2 milyard manat həcmində yaşıl maliyyələşdirmə hədəfinin reallaşdırılmasına verdiyi növbəti töhfədir. İnanırıq ki, dövlət və özəl sektor arasında belə tərəfdaşlıqlar ölkənin dayanıqlı inkişafına, enerji keçidinin sürətlənməsinə və gələcək nəsillər üçün daha dayanıqlı iqtisadi mühitin formalaşmasına mühüm töhfə verir.”
AGEC-in İdarə Heyətinin sədr müavini və “Clean Energy İnvest” şirkətinin Baş İcraçı Direktoru Xəyalə Nağıyevanın sözlərinə görə, “Şəms 1” layihəsi Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının genişləndirilməsi və Azərbaycanın yaşıl enerji portfelinin gücləndirilməsi baxımından mühüm strateji addımdır.
“Hazırda Naxçıvan Azərbaycanın bərpa olunan enerji sahəsində əsas mərkəzlərindən biri kimi formalaşır və bu layihə regionun yaşıl enerji zonasına çevrilməsini hədəfləyən milli strateji baxışla tam üst-üstə düşür. Bu kimi layihələrin uğurla həyata keçirilməsi üçün maliyyə sektoru ilə qurulan etibarlı və uzunmüddətli tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. PAŞA Bank ilə əməkdaşlığımız bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində strateji tərəfdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir və bu cür əməkdaşlıqlar ölkəmizin enerji keçidinin sürətləndirilməsinə, dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə və investisiya mühitinin daha da güclənməsinə xidmət edir. Bu layihə “Clean Energy İnvest” şirkətinin portfelində Dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində həyata keçirdiyi sayca ikinci iri miqyaslı layihəsidir. Ümumiyytətlə, AGEC olaraq məqsədimiz külək və günəş enerjisi layihələri vasitəsilə enerji sektorunun diversifikasiyasına və modernizasiyasına töhfə vermək, məsuliyyətli investisiya yanaşmasını təşviq etmək və ölkədə bərpa olunan enerji sahəsində milli potensialın formalaşdırılmasını dəstəkləməkdir. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın uzunmüddətli enerji hədəflərinin reallaşdırılmasına dəstək olacaq və gələcək nəsillər üçün daha dayanıqlı enerji sisteminin qurulmasına xidmət edəcək”, – deyə X. Nağıyeva bildirib.


