Porsche satışları son altı ilin ən aşağı səviyyəsinə enib

Porsche satışları son altı ilin ən aşağı səviyyəsinə enib

Porsche AG-nin 2026-cı ilin ilk yarısında avtomobil satışları 16% azalaraq 122 306 ədəd təşkil edib. Bloomberg şirkətin hesabatına istinadən bildirir ki, bu, 2020-ci ildən bəri ən aşağı göstəricidir. Satışların azalması bütün əsas bazarlarda qeydə alınıb. Şimali Amerikada satışlar 13%, Çində isə 32% azalıb.

Şirkətin açıqlamasına görə, geriləmənin əsas səbəbləri benzin mühərrikli 718 modelinin istehsalının başa çatması, ötən il elektriklə işləyən Macan modelinə yüksək tələbatın yaratdığı yüksək müqayisə bazası, eləcə də ABŞ-də elektromobillər və hibridlər üçün vergi güzəştlərinin müddətinin başa çatması olub.

İlk altı ayda tam elektrikli Macan modelinin satışları 35%, Taycan modelinin satışları isə 13% azalıb.

İlin əvvəlində Porsche-yə rəhbərlik etməyə başlayan baş icraçı direktor Mixael Layters elektromobil strategiyasının zəif tərəflərinin üzə çıxması və şirkətin səhmlərinin DAX indeksindən çıxarılmasından sonra rentabelliyi bərpa etməyə çalışır.

Aprel ayında Layters Bugatti ilə birgə müəssisədə Porsche-yə məxsus payın satılması barədə razılıq əldə edib. O, gəlirliliyi artırmaq üçün gələcəkdə digər aktivlərin də satılmasını istisna etməyib.

Porsche-dəki geriləmə Almaniya avtomobil sənayesində müşahidə olunan ümumi zəifləmənin tərkib hissəsi hesab olunur.

Bundan əvvəl Mercedes-Benz Group ikinci rübdə satışlarının 8%, o cümlədən Çində 30% azaldığını açıqlayıb. Şirkət bunu Çində iqtisadi problemlər və yerli istehsalçılarla artan rəqabətlə əlaqələndirib.

Ötən həftə isə BMW Çində zəif tələbat səbəbindən rentabelliyinin 1%-ə qədər enə biləcəyi barədə xəbərdarlıq edib.

Layters bildirib ki, istehsalın azalması fonunda şirkət əlavə xərclərin azaldılması ilə bağlı danışıqlar aparır. Qeyd edək ki, Porsche daha əvvəl 2029-cu ilədək təxminən 3 900 iş yerinin ixtisar ediləcəyini açıqlamışdı. (Banker.az)