Qaxda təmizlik və infrastruktur layihələri uğurla icra edilir

Qaxda təmizlik və infrastruktur layihələri uğurla icra edilir

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi, kənd və qəsəbələrdə infrastruktur təminatının habelə əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması bələdiyyələrin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Bu istiqamətdə hesabat dövrü ərzində Zəyəm-Tasmalı, Qum,  İlisu və Qaxbaş bələdiyyələri tərəfindən bir sıra mühüm abadlıq, təmizlik və infrastruktur layihələri uğurla icra edilmişdir.

Zəyəm-Tasmalı bələdiyyəsi tərəfindən həm yol-nəqliyyat infrastrukturunun qorunması, həm də kənd təsərrüfatına dəstək məqsədilə genişhəcmli işlər görülmüş, Yevlax-Zaqatala magistral yolunun sağ kənarında yerləşən 250 metr uzunluğunda kanal, eləcə də kənddaxili yollar təmizlənərək tam yararlı hala gətirilmişdir. Bununla yanaşı, Tasmalı kəndində sel sularının və yağıntıların fəsadlarını önləmək üçün 100 metr məsafədə suötürücü arx təmizlənmiş, sakinlərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə sahə girişinin 50 metrlik hissəsinə qum-çınqıl qarışığı tökülərək bərkidilmiş, heyvandarlığın inkişafına dəstək olaraq isə mal örüşü sahələrinə suyun fasiləsiz verilməsi təmin edilmişdir.

İlisu bələdiyyəsi tərəfindən ərazidə sanitariya-gigiyena normalarının qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu çərçivədə, kənd ərazisində mövcud olan məişət tullantıları quyuları təmizlənmiş, ehtiyacları qarşılamaq məqsədilə yeni tullantı quyuları qazılmış, eyni zamanda kənd qəbiristanlıqlarının ərazisində geniş təmizlik və abadlıq işləri aparılmışdır.

Qaxbaş bələdiyyəsi tərəfindən yağıntılar zamanı yaranan subasma təhlükəsinin qarşısını almaq üçün mühüm mühəndis-kommunikasiya işləri görülmüş, kəndarası yollarda yağış sularının təhlükəsiz şəkildə kənarlaşdırılması məqsədilə xüsusi arx qazılmış, bu sistemin səmərəli işləməsi üçün arxa 70 metr uzunluğunda borular salınmış və toplanan suların birbaşa Qobala çayına axıdılması təmin edilmişdir. 

Qıpçaq bələdiyyəsi tərəfindən bələdiyyənin əhatə etdiyi Oncallı, Tanqıt, Qazmalar və Baydarlı kəndlərdə kəndarası yolların müvafiq texnika vasitəsilə hamarlanması,eyni zamanda yol kənarlarının həmçinin kənd qəbiristanlıqlarının ərazisinin təmizlənməsi işləri aparılmışdır.   

Son günlər ölkə ərazisində, eləcə də rayonumuzda intensiv yağan yağışlar bəzi ərazilərdə müəyyən çətinliklər və fəsadlar törətmişdir. Havaların qeyri-sabit keçməsi ilə bağlı yaranmış problemlər aidiyyatı qurumların iştirakı ilə mərhələli şəkildə aradan qaldırılır.