Qazaxıstanın “skuter nəhəngi” Azərbaycandan maliyyə cəlb etmək istəyir

Qazaxıstanın “skuter nəhəngi” Azərbaycandan maliyyə cəlb etmək istəyir

Bakı Fond Birjası ilə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində əməkdaşlıq edən JET Group Ltd. şirkətinin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir. Eyni zamanda Bakı Fond Birjasının iştirakı ilə JET Group Ltd. üçün yerli kapital bazarında fəaliyyət göstərən aparıcı investisiya şirkətləri ilə görüşlər təşkil edilib.

Bu barədə Marja.az Birjaya istinadən xəbər verir.

Şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən ölkə ərazisində istiqraz emissiyasının həyata keçirilməsi üçün təmin edilmiş istiqraz buraxılışı tələb olunur.Bu çərçivədə istiqraz emissiyasının təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Listinq Məsləhət Proqramı (LMP) şirkətlərə birjada səhm və ya istiqraz yerləşdirməklə (listinq) maliyyələşməyə dəstək göstərən məlumat və məsləhət xidmətləri proqramıdır. Məqsəd, şirkətlərin kapital bazarlarına çıxışını asanlaşdırmaq, onlara birja proseslərini öyrətmək və alternativ maliyyə mənbələri tapmaqda yardım etməkdir.

JET Group Ltd. 2021-ci ildə Qazaxıstanda təsis edilmiş Latın Amerikası, Mərkəzi Asiya və Qafqaz regionlarını əhatə edən elektrik skuterlərinin paylaşımı (kicksharing) xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq mikromobillik şirkətlərindən biridir. Şirkət hazırda Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada milyonlarla istifadəçiyə xidmət göstərərək regionun ən sürətlə inkişaf edən mikromobillik platformalarından biri kimi tanınır.

2023-cü ildən etibarən Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyasını, o cümlədən beynəlxalq dayanıqlı maliyyələşmə prinsiplərinə uyğun yaşıl istiqraz buraxılışını uğurla həyata keçirmiş "JET Group Ltd." növbəti maliyyələşmə mərhələsində Azərbaycan kapital bazarını prioritet istiqamətlərdən biri kimi qiymətləndirir. Şirkət Bakı Fond Birjası vasitəsilə yerli kapital bazarına çıxış əldə etməkdə yüksək maraqlı olduğunu ifadə etmiş və bu istiqamətdə zəruri hazırlıq prosesinə fəal şəkildə başlamışdır. 

XXX

“JET Group Ltd. 2021-ci ildə qazaxıstanlı sahibkar Meyrambek Abelkasov tərəfindən təsis edilmiş Qazaxıstan şirkətidir. Şirkət bir neçə il ərzində Qazaxıstanda və MDB ölkələrində mikromobillik sahəsinin ən böyük operatoruna çevrilib. 2023-cü ilin sonunda JET skuterləri ilk dəfə Latın Amerikası bazarına çıxıb. Cəmi ilyarım ərzində şirkət həm skuter parkının həcminə, həm tətbiqdəki trafikə, həm də səfərlərin sayına görə Braziliyada mütləq lider mövqeyinə yüksəlib. Hazırda JET səkkiz ölkədə fəaliyyət göstərən və 60 mindən çox müasir elektrik skuterindən ibarət parkı idarə edən beynəlxalq şirkətdir.

XXX

JET necə işləyir?

İstifadəçi mobil tətbiqi yükləyir, bank kartını əlavə edir, xəritədə yaxınlıqdakı skuteri tapır və sükan üzərindəki QR kodu oxudaraq icarəyə başlayır. Bu biznes modeli “kikşerinq” və ya stansiyasız elektrik skuteri icarəsi adlanır.