Qlobal borc 320 trilyon dolları ötdü - HESABAT
![Qlobal borc 320 trilyon dolları ötdü](https://iqtisadiyyat.az/storage/posts/6df11e3decd82de.webp)
Qlobal borcun səviyyəsi bu ilin üçüncü rübündə təxminən 323 trilyon dollara yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.
Hesabata görə, bu ilin üçüncü rübündə qlobal borcun həcmi 323 trilyon dollara çatıb. Ötən ilin eyni dövründə qlobal borcun həcmi 302,4 trilyon dollar olub.Təxminən 326% olan qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbətinin COVID-19 pandemiyası zamanı çatdığı zirvədən 30 bənd aşağı olması diqqət çəkib.
Bu ilin ilk üç rübündə ən böyük borc artımı Macarıstan, İrlandiya, Nigeriya, İsveç və Braziliyada qeydə alınıb. Yunanıstan, Pakistan, Türkiyə və Yaponiyanın borcunun ÜDM-ə nisbəti bu dövrdə ən kəskin şəkildə azalıb.
Eyni zamanda, qlobal borcun bu ilin sonuna qədər təxminən 8 trilyon dollar artacağı gözlənilir.
Sektorlar üzrə araşdırıldığında, bu ilin üçüncü rübündə ev təsərrüfatlarının borcları 61,6 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcları 93,4 trilyon dollar, dövlət borcları 95,4 trilyon dollar, maliyyə şirkətlərinin borcları isə.72,5 trilyon dollar olaraq hesablanıb.
Hesabatda qeyd olunub ki, geoiqtisadi parçalanmanın artdığı bir dövrdə genişləndirici fiskal siyasətlərin həyata keçirilməsi çətin ola bilər. Artan ticarət gərginliyi, xüsusilə də tədarük zəncirinin pozulması və dövlət maliyyəsinin sərtləşdirilməsi fonunda inflyasiya təzyiqlərinin yenidən ortaya çıxması ilə böyümə perspektivləri zəifləyə bilər.