Qüdrətli, dövlət - etibarlı tərəfdaş - ŞƏRH

Qüdrətli, dövlət - etibarlı tərəfdaş

Əminliklə deyə bilərik ki, müasir Azərbaycanın qurulması, formalaşması, möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən siyasətinin, müdrik, düşünülmüş addımlarının, səylərinin nəticəsində müstəqil Azərbaycan mümkün daxili və xarici təhdidlərdən, təsirlərdən qorunmuş, inkişaf etmiş, güclənmiş, bugünki güclü, qüdrətli dövrünə gəlib çatmışdr. Bəli, Ulu Öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi belə nadir tarixi şəxsiyyətlərdəndir.

Bu gün cəmiyyətimizin bütün sahələrində Dahi Şəxsiyyətin verdiyi misilsiz töhfələrə rast gəlirik. Bu mənada dövlətçiliyimizin əsas sütunlarından olan hüquqi dövlət quruculuğu, hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ümummilli Liderin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Azərbaycanın hüquq sisteminin müxtəlif aspektlərinin, o cümlədən konstitusiya hüququnun inkişafı, insan hüquqlarının müdafiəsi, konstitusiya nəzarəti, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sisteminin formalaşması, milli qanunvericiliyin təkmilləşməsi, müasir standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi Heydər Əliyevin genişmiqyaslı hüquqi islahatlarının tərkib hissəsi idi. 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Ümumilli Lider 1990-cı illərdən başlayan və onun hakmiyyətə qayıdışına qədər cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyulması məqsədilə ilk növbədə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsini əsas vəzifə kimi qarşıya qoydu. Çünki, qanunçuluq və hüquq qaydası mühüm sosial dəyərlər kimi ictimai və dövlət həyatında özbaşınalığın, sui-istifadə hallarının, sosial ziddiyyətlərin qarşısını alır, ümumilikdə cəmiyyəti xaos və anarxiyadan, zorakılıqdan qoruyur.

Bu məqsədlə  "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən Ulu Öndər bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.

Bu gün böyük fəxarət hissi ilə vurğulamalıyıq ki, məhz Ümummili Liderin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Onun tərəfindən bütün sahələrdə olduğu kimi hüquqi dövlət quruculuğu istiqamətində imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin edərək, mükəmməl hüquqi baza formalaşdırmışdır. Bu gün qürurla deyə bilirik ki, artıq Azərbaycan dünyada qüdrətli, dövlət, etibarlı tərəfdaş və müttəfiq ölkə kimi tanınır və qəbul edilir.

Tural Qafarlı;
Neftçala rayonu