Qurban Qurbanov “Bayer”in çalışdırıcısı ilə görüşüb

Qurban Qurbanov “Bayer”in çalışdırıcısı ilə görüşüb

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.

BusinessTime "Qarabağ" klubunun saytına istnadla xəbər verir ki, Q.Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün X.Alonsoya təşəkkür edib. Baş məşqçi “Bayer”i Bundesliqada dəstəklədiklərini qeyd edib.

Q.Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.

X.Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. O, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyini ifadə edib.

Görüşün sonunda "Qarabağ"ın baş məşqçisi "Bayer"in çalışdırıcısına əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı saat 21:45-də başlayacaq.