Smartfon bazarında rekord geriləmə gözlənilir
2026-cı ildə qlobal smartfon bazarında rekord səviyyədə geriləmə proqnozlaşdırılır.
BusinessTime xəbər verir ki, bu barədə "Counterpoint Research" (CR) şirkətinin yeni hesabatında qeyd olunub.
Məlumata görə, analitiklər bu il üçün proqnozlarını yenidən nəzərdən keçiriblər. Əgər fevral ayında smartfon bazarının 12,4 faiz azalacağı gözlənilirdisə, hazırda bu göstərici 13,9 faizədək artırılıb. Şirkətin qiymətləndirməsinə əsasən, bu, 2013-cü ildən bəri – bazar üzrə müşahidələrin aparıldığı dövrdən etibarən qeydə alınan ən böyük geriləmə olacaq.
Hesabata görə, 2026-cı ildə dünya üzrə smartfon tədarükünün 1,08 milyard ədədə enəcəyi gözlənilir.
Mütəxəssislər bazardakı mənfi dinamikanın əsas səbəblərindən biri kimi operativ yaddaş (RAM) modullarının tədarükündə yaranan problemləri göstərirlər. Bildirilir ki, ABŞ və İran arasında başlayan silahlı qarşıdurma təchizat zəncirində əlavə çətinliklər yaradıb və komponent çatışmazlığını daha da dərinləşdirib.
Analitiklər xatırladıblar ki, 2026-cı ilin birinci rübündə smartfon bazarı illik müqayisədə 3,1 faiz kiçilib. Bu, ardıcıl doqquz rüblük artımdan sonra qeydə alınan ilk azalma olub.
Qeyd olunur ki, böhran xüsusilə aşağı qiymət seqmentində fəaliyyət göstərən istehsalçılara daha ciddi təsir göstərir.
İqtisadiyyat.az


