Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib

Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib

Qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2025-ci ildə daha 69,5 min qadın münasib işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışına imkanlar yaradıb. Son bir ildə 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Aktiv məşğulluq proqramlarından biri də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilməsidir. Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb olunub və onlardan 11,8 min nəfərini qadınlar təşkil edib.

Son illərdə ölkəmizin əmək qanunvericiliyində qadın əməyi ilə bağlı aparılan təkmilləşdirmələr qadınların məşğulluq imkanlarının artırılmasına yönəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar nümunə kimi göstərilib. Həmçinin Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb və 35 pillə irəliləyərək, 190 ölkə arasında 104-cü pillədən 69-cu pilləyə yüksəlib.