"Technest" layihəsi çərçivəsində veriləcək təqaüd sayı açıqlanıb

"Technest" layihəsi çərçivəsində veriləcək təqaüd sayı açıqlanıb

“Technest” təqaüd proqramının ölkə üzrə üçüncü qeydiyyat mərhələsi elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən artıq ixtisas üzrə aparılır. 2023-cü il ərzində ölkəmizdə cəzaçəkmə müəssisəsində 15 nəfər yetkinlik yaşına çatmayan gənc, 2 internat məktəbindən 45 uşaq İT təliminə cəlb olunub.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramının layihə rəhbəri Fatimə Ələkbərova İRİA-nın 2023-cü ilin hesabatı və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında çıxışında deyib.

F.Ələkbərova qeyd edib ki, Ağdam, Füzuli və Beyləqanda qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması üçün 90 qadın üçün təlimlər təşkil olunub.

"Proqram çərçivəsində 140 aztəminatlı, şəhid ailəsi üzvü, veteran və s. sosial qrupa aid şəxs, 25 nəfər fiziki məhdudiyyətli şəxs İKT üzrə təlimlərə cəlb olunub. Bu il 5 min nəfərə təqaüd verilməsi, 2 yeni beynəlxalq tərəfdaşlığın başlanması və olimpiadaların keçirilməsi planlaşdırılır. “Technest”in sonuncu dalğasına son 2 gün ərzində 3 mindən çox müraciət qeydə alınıb. Həmçinin 4 region universitetlərində İKT ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib", - deyə F.Ələkbərova bildirib.