Vətən müharibəsində iştirak edən 124 gənc işlə təmin edilib
2 fevral Gənclər Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində gənc əməkdaşlarla görüş keçirilib.
Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov gəncləri təbrik edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş gənclər gününün tarixi önəmindən, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, ədliyyə orqanlarında, o cümlədən Penitensiar xidmətdə gənc əməkdaşların fəaliyyətindən danışıb.
Nazir müavini öz çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün uğurla davam etdirilir. Bunun nəticəsində ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilmiş, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artmışdır. Məhz Prezident İlham Əliyevin gənclər siyasətinə uyğun olaraq ölkədə milli ruhlu gənclik yetişdi, dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artdı.
Dövlət başçısı gənclərin potensialının gerçəkləşməsində, onların vətənpərvər, savadlı kadr kimi yetişməsində həlledici rol oynadı. İdman, mədəniyyət, incəsənət sahəsində müstəsna uğurlarımız da məhz yeni dövrün yetişdirməsi olan gəncliyimizin adı ilə bağlıdır.
Xidmət rəisi qeyd etdi ki, Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın rolu böyükdür. Müasir gəncliyimizin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrdə uğurlarının demək olar ki, hər birində şəxsən ölkənin birinci xanımının qayğısı və imzası var.
Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə qulluq keçən gənclər də hər zaman xüsusi qayğı ilə əhatə olunublar. Kadr potensialının gücləndirilməsi istiqamətində işə qəbul olunmuş əməkdaşların inkişafı, irəli çəkilməsi, bacarıq və biliklərinin yüksəldilməsi, xüsusilə Vətən müharibəsi iştirakçıları olan gənclərin Penitensiar xidmətdə qulluğa qəbulu hər zaman diqqət mərkəzində olub. Hal-hazırda Penitensiar xidmətdə çalışan işçilərin 15.6% gənclərdir. Ümumilikdə Vətən müharibəsində iştirak edən gənclərdən 124 nəfəri Penitensiar xidmətdə işlə təmin edilmişdir.
Çıxış edən gənc əməkdaşlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Onlar ölkəmizin, xalqımızın gələcəyi naminə hər zaman çalışacaqlarını, göstərilən etimadı bundan sonra da doğruldacaqlarını, ədliyyə işçisi adını qürurla daşıyacaqlarını qeyd ediblər.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş film nümayiş etdirilib.