Vətəndaşların pensiya kapitalı hansı halda indeksləşdirilmir? - SƏBƏBKAR AÇIQLANDI

Vətəndaşların pensiya kapitalı hansı halda indeksləşdirilmir?

"Bəzən işəgötürənlər tərəfindən sığorta ödənişi haqları vaxtında edilmədiyi üçün vətəndaşların fərdi kapitalı indeksləşdirilə bilmir".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, hesabat verilərkən işəgötürən tərəfindən ödənilmiş sığorta haqları verginin tərkibində müvafiq orqana köçürülür:

"Bu vaxt həmin ay üzrə pensiya ödənişi Dövlət Sosial Müdafiə Fonduna köçürülür və cari pensiyanın maliyyələşdirilməsinə yönəldilir.

Fərdi hesabda əks etdirilməsi üçün hesabatlar hər üç aydan bir təqdim olunur.

Əgər işəgötürən ödənişləri gecikdirərsə, vaxtında etməzsə, bu zaman həmin məbləğlər fərdi hesabda görünmür.

Məsələn noyabr, dekabr aylarının ödənişi edilməyibsə, bu hesabda görünməyəcək. Ödəniş yanvar, fevral ayında edilirsə, bu, yeni ilin gəliri kimi sistemə düşür. Keçən ilin ödənişi edilmədiyi üçün o indeksləşdirilə bilmir. Fonda ödənişlər hansı tarixdə edilirsə, o ayın gəliri kimi nəzərə alınır və kapital indeksləşdirilir".