"Virtual Azərbaycan Qrup of Kompani" MMC-nin təşəbbüsü ilə su ehtiyatları qiymətləndiriləcək
Azərbaycanda su ehtiyatları peyk vasitəsilə təyin ediləcək
“Azərkosmos” ASC-də ”Virtual Azerbaijan Group of Companies” MMC-nin təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.
Bu barədə Azərkosmos”dan məlumat verilib.
Məlumata görə, Görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub. Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.
Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80 % - 95 % dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.
“Azərkosmos” ASC haqqında
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.
“Virtual Azerbaijan Group of Companies” haqqında
“Virtual Azərbaycan Qrup of Kompani” MMC Azərbaycanda su sistemlərinin avtomatlaşdırılması üzrə çox illik təcrübəyə malikdir. Şirkət su sistemlərinin avtomatlaşdırılması sahəsində, nasos və subartezianların avtomatlaşdırılmış qaydada uzaqdan idarəedilməsi, su kadastrının və suvarma sularının ödəmə sisteminin yaradılmasında təcrübəyə malikdir.