İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında strateji tərəfdaşlığa mühüm töhfə verəcək

İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında

İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir.
         
Böyük siyasi iradəyə və diplomatik bacarığa malik lider olan Möhtərəm Prezident cənab İlham Əliyev sayəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güvənilir siyasi  tərəfdaşlıq əlaqələrinə malik, Qafqazda söz sahibi bir dövlətə çevrilmişdir. Bu gün yürüdülən mükəmməl xarici siyasət sayəsində Azərbaycanın yerləşdiyi regionda əsas söz və nüfuz sahibinə çevrilib. Ölkəmiz, həm də illərdir sadiq strateji tərəfdaş bir dövlət olduğunu da sübuta yetirmişdir.

Bunu bir çox dövlətlərarası münasibətlərdə, o cümlədən, İtaliya  və Azərbaycan əlaqələrində də aydın görmək olar. Bəli, iki ölkə arasındakı münasibətlər uzun illərdir ki, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq üzərində qurulub. İqtisadiyyat, enerji, mədəniyyət, incəsənət və turizm sahələrində əldə edilən uğurlar bu tərəfdaşlığın genişlənməsinə mühüm zəmin yaradıb. Xüsusilə son illərdə elm və təhsil istiqamətində atılan addımlar bu əməkdaşlığın davamlılığını təmin edir. Bu kontekstdə İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir.

Universitetin təsis olunması təkcə təhsil sahəsində deyil, həm də mədəni və elmi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu ali təhsil ocağı, həm Azərbaycanın, həm də İtaliyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərəcək. Müxtəlif ixtisaslar üzrə tədrisin beynəlxalq standartlara uyğun təşkili, tələbələrin Avropa təhsil mühitinə inteqrasiya imkanları, ikili diplom proqramları və birgə elmi tədqiqatların aparılması universitetin əsas üstünlüklərindən olacaq. İtaliya-Azərbaycan Universitetinin yaradılması həm də gənclərin dünyagörüşünün formalaşmasına, onların yeni bilik və bacarıqlara yiyələnməsinə, beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrlar kimi yetişməsinə şərait yaradacaq.

Burada təhsil alan tələbələr yalnız peşəkar biliklər qazanmayacaq, həm də İtaliya və Azərbaycanın zəngin mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu isə gələcəkdə iki ölkə xalqları arasında mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edəcək. Ümumilikdə, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcək. Elm, təhsil və mədəniyyət sahəsindəki bu təşəbbüs gələcək nəsillərin inkişafına xidmət etməklə yanaşı, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini də yeni mərhələyə daşıyacaqdır.

Günay İbrahimova;
Neftçala rayonu