Bakı və Brüssel arasında tarixi dinamika!

Bakı və Brüssel arasında tarixi dinamika!

Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Avropa İttifaqı (Aİ) ilə münasibətlər fundamental və çox mühüm bir inkişaf mərhələsinə qədəm qoyub. Cari ilin iyul ayının 1-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana rəsmi səfəri Bakı ilə Brüssel arasındakı strateji dialoqun ən yüksək nöqtəsini təşkil edir. Bu səfər təsadüfi xarakter daşımır və son aylarda reallaşan yüksəksəviyyəli diplomatik təmasların məntiqi davamıdır. Belə ki, cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallasın ölkəmizdə qəbul edilməsi Brüsselin xarici siyasət prioritetlərində Azərbaycanın tutduğu strateji yeri birmənalı olaraq nümayiş etdirir.

Möhtərəm Prezident cənab İlham Əliyevin bəyanatında xüsusi vurğulandığı kimi, tərəflər arasında əməkdaşlıq müsbət mənada görünməmiş bir sürətlə inkişaf edir. Hazırda Bakı və Brüssel arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə hər iki tərəfin qəti və qarşılıqlı iradəsini əks etdirən misilsiz bir dinamika müşahidə olunmaqdadır. Rəsmi Bakı Avropa Komissiyası ilə qurulan bu institusional münasibətləri yüksək dəyərləndirir.

Keçirilən geniştərkibli görüşlərdə xanım Prezident və nümayəndə heyətləri ilə birgə müzakirə edilən gündəlik o qədər geniş və əhatəlidir ki, bu, sadəcə iki tərəfli əlaqələri deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək siyasi və iqtisadi təhlükəsizlik xəritəsini müəyyən edir. Bu dinamika bir daha sübut edir ki, Azərbaycan Avropa İttifaqı üçün regionda etibarlı, proqnozlaşdırıla bilən və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq qalan yeganə geosiyasi qütbdür.

Əbülfəz Eyvazov
Neftçala rayonu