"Visa" əməkdaşlarının 7%-ni ixtisar edəcək

"Visa" əməkdaşlarının 7%-ni ixtisar edəcək

ABŞ-nin ən böyük ödəniş sisteminin operatoru olan "Visa Inc." təxminən 2,6 min əməkdaşını, yəni şirkətin ümumi işçi heyətinin təxminən 7%-ni ixtisar etməyi planlaşdırır.

 "Bloomberg"in şirkətin baş icraçı direktoru Rayan Makinerninin əməkdaşlara ünvanladığı məktuba istinadən yaydığı məlumata görə, bu addım ödəniş xidmətləri bazarında güclənən rəqabət şəraitində şirkətin əməliyyat səmərəliliyini artırmaq məqsədi daşıyır.

Makinerni bildirib ki, "Visa" fəaliyyətini daha səmərəli təşkil etməklə vəsaitləri ən perspektivli istiqamətlərə yönəltməyi hədəfləyir. Onun sözlərinə görə, şirkət xüsusilə süni intellekt də daxil olmaqla, yeni texnologiyaların yaratdığı imkanlardan maksimum yararlanmağa hazırlaşır.
İxtisarların əsasən texnologiya bölmələrini və məhsul hazırlanması ilə məşğul olan komandaları əhatə edəcəyi qeyd olunub.

"Visa" bu gün (çərşənbə axşamı) 2025-ci maliyyə ilinin üçüncü rübü (aprel–iyun) üzrə maliyyə nəticələrini açıqlayacaq.

Şirkətin səhmləri ticarət öncəsi əməliyyatlarda 1,5% bahalaşıb. Son üç ay ərzində isə "Visa" səhmlərinin dəyəri 17,2% artıb. (iqtisadiyyat)