"Visa"və "Mastercard" kartlarının fərqi nədir?

"Visa"və "Mastercard" kartlarının fərqi nədir?

Bu gün bank kartları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Alış-verişdən onlayn ödənişlərə, səyahətlərdən kommunal xidmət haqlarının ödənilməsinə qədər bir çox əməliyyat kartlar vasitəsilə həyata keçirilir. Lakin kart seçimi zamanı bir detal tez-tez diqqətdən kənarda qalır: kartın üzərindəki ad - "Visa" və "Mastercard".

"Visa" və ya "Mastercard" olması doğrudanmı fərq yaradır, yoxsa bu, sadəcə loqodan ibarətdir?

“Finance Masters Group” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, "Visa" və "Mastercard" ayrı-ayrı şirkətlərdir və hər ikisi dünyada lider ödəniş sistemləri hesab olunur:

“Visa" və "Mastercard" fərqli şirkətlərdir və hər ikisi qlobal miqyasda geniş istifadə olunur. "Visa"daha çox ABŞ-da populyardır, "Mastercard" isə nisbətən Avropada üstünlük təşkil edir. Lakin hər iki kart həm Avropada, həm də Amerikada geniş şəkildə istifadə olunur. Gündəlik əməliyyatlarda bu kartlar arasında istifadəçi üçün ciddi fərq yoxdur. Demək olar ki, hər ikisi eyni xidmətləri - ödəniş, köçürmə, pul qəbul etmə, konvertasiya və sair əməliyyatları təklif edir. Bəzi ölkələrdə məzənnə baxımından "Visa" daha sərfəlidirsə, bəzilərində "Mastercard" üstünlük təşkil edir. Amma bu fərqlər sabit deyil və daim dəyişə bilər”.

Ekspertin sözlərinə görə, əsas fərqlər premium seqmentdə üzə çıxır. Həm "Visa", həm də "Mastercard" öz istifadəçilərinə yüksək səviyyəli xidmətlər təqdim edən premium kartlar təklif edir. "Visa"nın “Infinite”, "Mastercard"ın isə “World Elite” kartları buna nümunədir. Bu tip kartlar əlavə üstünlüklərlə seçilir.

“Premium kart sahibləri üçün nəzərdə tutulan xidmətlərə "concierge" xidməti, xaricə səfər zamanı hava limanına çatdırılma və qarşılanma, ‘Fast Track’ (sərhəd məntəqələrindən sürətli keçid) və VIP lounge (hava limanında rahat gözləmə zalları, ödənişsiz qida və içkilər) daxildir. Hər iki kart bu xidmətləri təklif etsə də, "Visa" onların istifadəsi üçün əlavə şərtlər qoyur. Məsələn, müştəri bu xidmətlərdən yararlanmaq üçün ən azı 500 manat məbləğində əməliyyatı elektron saat vasitəsilə etməli və bu əməliyyatı xidmətə ehtiyac duyulan tarixdən azı 5 gün əvvəl yerinə yetirməlidir".

X.Məmmədli bildirir ki, "Mastercard"da bu cür məhdudiyyətlər yoxdur. Premium kart sahibi olan müştəri, qeyd olunan xidmətlərdən əlavə şərtsiz istifadə edə bilər. Yeganə tələb əvvəlcədən qeydiyyatdan keçməkdir. Bu, müvafiq mobil tətbiqlər və ya rəsmi saytlar vasitəsilə həyata keçirilir:

“Visa" bu tələbləri əsasən onlayn ödənişləri və elektron saatla əməliyyatları təşviq etmək məqsədilə tətbiq etsə də, bəzi istifadəçilər üçün bu şərtlər çətinlik yaradır. Hazırkı mərhələdə "Mastercard" premium xidmətlərə çıxış baxımından daha əlçatan və üstün hesab olunur”.