Ötən gün Azərbaycanın ən böyük İT şirkətlərindən olan Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Düşünürəm ki, ölkəmizin İT sektoru üçün çox ciddi hadisədir.
Dünyanın çox sayda ölkələrində, çox sayda nəhəng telekommunikasiya operatorları ilə tərəfdaşlığı olan bu qlobal şirkətin Azərbaycanın bir İT şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalaması xeyli diqqətçəkəndir.
Xatırladıram ki, təxminən 2010-cu illərdə Vodafone ilə Azerfon arasında müəyyən işbirlikləri olmuş, lakin bu, hansısa səbəblərdən uzun müddət davam etməmişdi.
İndi Vodafone kimi qlobal şirkətin yenidən Azərbaycanı özünün tərəfdaşları siyahısına daxil etməsi, İT şirkətimizi tərəfdaş seçməsi nəinki Azerconnect infrastrukturunun inkişafı baxımından, düşünürəm ki Azərbaycanın İT mühitinin inkişafı baxımından mühüm hadisədir.
Açıqlanan məlumatdan görsənir ki, Azerconnect və Vodafone rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlıq edəcəklər. Güman ki, 5G ilə bağlı da əməkdaşlıqlar olacaq.
Azerconnect Group-un Baş direktoru Emil Məsimov Vodafone ilə tərəfdaşlıq sayəsində onun zəngin qlobal telekommunikasiya təcrübəsindən faydalanacaqlarını bildirib.
Osman Gündüz