"1Password"ın müştəri məlumatları və mənbə kodu kiberhücumda ələ keçirilib
"1Password"a kiberhücum zamanı bəzi müştərilərin hesab məlumatları və şirkətin mənbə kodu ələ keçirilib. Şirkət parol seyflərinə və onların məzmununa giriş olmadığını açıqlayıb.
Parolların idarə edilməsi xidməti göstərən "1Password" çərşənbə günü bəzi müştərilərin məlumatlarına və şirkətin mənbə koduna icazəsiz giriş aşkarlandığını açıqlayıb. Bu barədə BusinessTime "The Hacker News"a istinadən xəbər verir.
Şirkətin məlumatına görə, naməlum şəxs əməkdaşın "GitHub" hesabına daxil olub və onun vasitəsilə mənbə koduna çıxış əldə edib. Hücumçu həmçinin şirkətin arxa sistemlərinə zərərli kod yerləşdirərək müştərilərə aid inzibati məlumatları yükləyib. Şübhəli fəaliyyətlə bağlı araşdırma 2026-cı il noyabrın 19-da başlayıb.
Ələ keçirilən məlumatlar arasında bəzi müştərilərin adları, elektron poçt ünvanları, hesab və istifadəçi identifikatorları, hesabın yaradılması və son giriş vaxtları var. Dəvət, hesabın yaradılması və bərpası üçün göndərilən bəzi elektron məktublardakı keçidlərdə olan tokenlərə də giriş əldə edilib.
"1Password" bildirib ki, həmin tokenlərlə müştəri hesablarına ayrıca daxil olmaq mümkün deyil. Bunun üçün əlavə autentifikasiya və ya istifadəçinin qeydiyyatdan keçmiş elektron poçt ünvanına göndərilən altırəqəmli təsdiq kodu tələb olunur. Şirkət hadisədən təsirlənən az sayda istifadəçiyə fərdi qaydada məlumat verib.
Şirkət müştərilərin parol seyflərinə, oradakı məxfi məlumatlara və onları qoruyan açarlara giriş olmadığını açıqlayıb. Müştərilərdən hər hansı tədbir görülməsi tələb olunmur, lakin onlara gözlənilməz fişinq cəhdlərinə qarşı diqqətli olmaq tövsiyə edilir.
Hadisədən sonra təsirlənmiş "GitHub" hesabı bağlanıb, oğurlanmış token ləğv edilib və daxili giriş məlumatları yenilənib. Şirkət ehtiyat tədbiri olaraq dəvət və hesabın bərpası məktublarında istifadə edilən kodları altı rəqəmdən 10 simvola qədər uzadıb.


