“BMG International” Bişkek İnvestisiya Forumunda Azərbaycanı təmsil edib
BMG International şirkətinin təsisçisi, biznesin idarə edilməsi və maliyyə konsaltinqi üzrə ekspert Orxan Məmmədzadə 25 noyabr 2026-cı il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Bishkek Investment Forum 2026 (BIF 2026) çərçivəsində spiker qismində iştirak edib.
BusinessTime xəbər verir ki, bu il “Central Asia 2030: Market Opportunities” (“Mərkəzi Asiya 2030: Bazar imkanları”) mövzusuna həsr olunan beynəlxalq forum Mərkəzi Asiyada iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması, biznes əlaqələrinin inkişafı və regional bazarların perspektivlərinin müzakirəsi məqsədilə dövlət qurumlarının, investorların, maliyyə institutlarının, sahibkarların və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Forumun əsas müzakirə istiqamətləri sırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional ticarətə təsiri, yeni bazarlara çıxış imkanları, investisiyaların cəlb edilməsi, biznesin maliyyələşdirilməsi və Mərkəzi Asiyada iqtisadi tərəfdaşlığın inkişafı yer alıb.
Orxan Məmmədzadə forumun BIF Talks platformasında “Niyə biznes böyüyür, amma idarəetmə sistemi onun inkişafına çatdıra bilmir?” mövzusunda çıxış edib.
Çıxış zamanı biznesin miqyaslanması prosesində yaranan idarəetmə çətinlikləri, maliyyə nəzarətinin təşkili, biznes-proseslərin optimallaşdırılması, komanda idarəçiliyi və effektiv qərarvermə mexanizmlərinin formalaşdırılması məsələləri gündəmə gətirilib. Eyni zamanda, şirkətlərin fərdi sahibkar və ya kiçik biznes modelindən sistemli, dayanıqlı və genişlənə bilən idarəetmə strukturuna keçidi ilə bağlı praktiki yanaşmalar təqdim edilib.
Qeyd edək ki, 2015-ci ildən təşkil olunan Bishkek Investment Forum Mərkəzi Asiyanın biznes və investisiya mühitində mühüm əməkdaşlıq platformalarından biridir. Təşkilatçıların məlumatına əsasən, 2015–2024-cü illərdə forumlar çərçivəsində kiçik və orta biznesin inkişafı üçün 286 milyon ABŞ dollarından artıq investisiya cəlb edilib, ümumilikdə 7 700 iştirakçı və 1 194 biznes layihəsi forumlarda təmsil olunub.
“BMG International” şirkəti “Bishkek Investment Forum 2026” kimi beynəlxalq tədbirlərdə iştirak etməklə Azərbaycanın biznes və konsaltinq sektorunun regional miqyasda tanıdılmasına, yerli idarəetmə təcrübəsinin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də Mərkəzi Asiya ölkələri ilə peşəkar əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verməyi hədəfləyir.


