4 ölkənin mediasiya institutu arasında YENİ ƏMƏKDAŞLIQ!

4 ölkənin mediasiya institutu arasında

Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan mediasiya institutları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

27 yanvar tarixində Türk Dünyası Arabulucular Birliği'nin rəhbərliyi Gürcüstan Respublikasına rəsmi səfər edib. Səfər Gürcüstan Mediatorlar Assosiasiyasının dəvəti ilə baş tutub. 

Səfərdə Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, Birliyin İdarə Heyətinin sədr müavinləri, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru Jandildə Yakupov, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Cavid Hüseynov iştirak edib. Səfər çərçivəsində Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvili və Assosiasiyanın komitə rəhbərləri ilə görüş keçirilib. 

Səfərin əsas məqsədi region ölkələri arasında mediasiya sahəsində əməkdaşlığın gücləndirilməsi, mediasiya institutlarının inkişafı və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılması olub. Mediasiyanın əhəmiyyəti və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı tərəflər öz ölkələrində mediasiyanın yaranma tarixi, mövcud vəziyyəti, qanunvericilik bazası, tənzimləmə mexanizmləri və qarşılaşdıqları problemlər barədə məlumat veriblər. Azərbaycan tərəfi ölkədə mediasiya institutunun formalaşması və son illərdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Azərbaycan Respublikası Mediasiya Şurası ölkədə mediasiya institutunun hüquqi tənzimlənməsi və praktiki tətbiqi ilə bağlı beynəlxalq təcrübədən faydalanmaq niyyətində olduğunu bildirib.

Eyni zamanda tərəflər indiyə qədər keçirilmiş mediasiya tədbirləri barədə qarşılıqlı məlumat mübadiləsi aparıblar. Qeyd edilib ki, 2024-cü ilin əvvəlində Türkiyənin Ankara şəhərində 600-dən çox mediasiya mütəxəssisi və hüquqşünasın iştirakı ilə genişmiqyaslı beynəlxalq mediasiya tədbiri keçirilib və bu tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurası da iştirak edib. Bundan əlavə, bu il Bakıda Türk Dünyası Mediatorlar Birliyinin Qurultayının keçiriləcəyi vurğulanıb.

Tədbirdə iştirak edən tərəflər öz dövlətlərinin artıq bir neçə ildir ki, BMT-nin mediasiya üzrə Sinqapur Konvensiyasına qoşulduqlarını bildiriblər. Bu çərçivədə Sinqapur Konvensiyasının mediasiya sahəsində beynəlxalq və regional əməkdaşlığa təsiri, onun aktuallığı və əhəmiyyəti müzakirə edilib. Azərbaycan tərəfi də konvensiyaya qoşulmaq məsələsini nəzərdən keçirdiyini bildirib və bu istiqamətdə tərəflər arasında təcrübə mübadiləsi aparılıb.

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel çıxışında Sinqapur Konvensiyasının yalnız kommersiya mübahisələrini əhatə etdiyini qeyd edərək, türk və qonşu dövlətləri arasında bu modelə bənzər, lakin daha geniş mübahisələri əhatə edəcək yeni bir regional mediasiya konvensiyasının hazırlanmasını təklif edib. Bu təşəbbüs çərçivəsində kommersiya mübahisələrindən əlavə digər hüquqi mübahisələrin də mediasiya yolu ilə həllini nəzərdə tutan bir razılaşmanın mümkünlüyü müzakirə olunub. Bununla yanaşı hüquq fakültələrinin tələbələri ilə mediasiyanı təşviq etməyə yönəlmiş birgə layihələr həyata keçirmək təklif edilib. Bu təşəbbüs çərçivəsində tələbələrin mediasiya mexanizmləri ilə yaxından tanış olması, bu sahədə praktik biliklər əldə etməsi və gələcəkdə mediasiyanın inkişafına töhfə verməsi hədəflənir.
Görüşün sonunda region ölkələri arasında mediasiya institutlarının inkişafı və əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanıb. Memorandum mediasiya sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsi, mediasiyanın hüquqi bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi, tədris və maarifləndirmə proqramlarının həyata keçirilməsi kimi əsas istiqamətləri əhatə edir.