5-ci “Brand Award International 2026” beynəlxalq müsabiqəsinə rəsmi start verilib
Sahibkarların və şirkət rəhbərlərinin “YAŞAT” Fondu ilə əlaqədər çoxsaylı müraciətlərini nəzərə alaraq “Award Organizers Group” bu il keçiriləcək “Brand Award” müsabiqəsinin qaydalarına dəyişiklik edib. Yeni qaydalara əsasən “Brand Award Azerbaijan 2025” milli müsabiqəsinin mərhələsi keçirilmədən, birbaşa 5-ci “Brand Award International” beynəlxalq müsabiqəsinə start verilməsi barədə qərar qəbul edilib.
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Award Organizers Group”un təşkilatçılığı, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi tərəfdaşlığı ilə keçiriləcək 5-ci “Brand Award International 2026” beynəlxalq müsabiqəsi həm Azərbaycan, həm də xarici ticarət markalarının iştirakı ilə təşkil olunacaq. Müsabiqənin rəsmi təqdimat mərasiminin 2026-cı ilin iyul ayın 1-də keçirilməsi nəzərdə tutulur. 5-ci “Brand Award International 2026” müsabiqəsinin baş informasiya tərəfdaşlığı “Caspian Energy International Media Group” tərəfindən həyata keçiriləcək.
“Brand Award International” layihəsinin əsas məqsədi istehsal olunan məhsul və xidmətləri təqdim edən ticarət markalarını “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) dəstəyi ilə həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmaqdır.
Bu il də müxtəlif sahələrdə fəaliyyət göstərən ticarət markaları öz adlarını istehlakçı rəğbəti qazanan və dünyanın ən tanınan 50 ticarət markası sırasında görmək imkanı əldə edəcəklər.
Xatırladaq ki, 13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” çərçivəsində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr edilən Memorandumun müddəalarına əsasən, 29 oktyabr 2025-ci il tarixindən etibarən “YAŞAT” Fonduna 200 (iki yüz) AZN və ya daha artıq məbləğdə ianə edən və ödənişi təsdiq edən qəbzi Təşkilat Komitəsinə təqdim edən hüquqi şəxslər öz ticarət markalarını “Brand Award International” beynəlxalq müsabiqəsində iştirak üçün təqdim edə biləcəklər. Qeyd edək ki, bu tələb müsabiqədə iştirak üçün əsas və yeganə şərtdir.
Eyni zamanda, əlavə təşviq mexanizmi olaraq, 29 oktyabr 2025-ci il tarixindən etibarən “YAŞAT” Fonduna 200 AZN-dən artıq ianə etmiş şirkətlər üçün xüsusi imkanlar yaradılıb. Belə ki, sözügedən şirkətlər 1000 AZN məbləğində üzvlük haqqı ödəməklə “Bear Club” üzvü olmaq və “Caspian Energy Club” tərəfindən dünyanın 100-dən artıq ölkəsində təşkil olunan beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
5-ci “Brand Award International 2026” beynəlxalq müsabiqəsinin Təşkilat Komitəsi sahibkarları “YAŞAT” Fonduna dəstək göstərməyə, eyni zamanda müsabiqə çərçivəsində təqdim olunan xüsusi imkanlardan yararlanmağa dəvət edir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid “Milli.Biz” ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. “Milli.Biz” ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:“Caspian Energy Club”,“Caspian Energy Club International”,“Caspian Energy EXIFOR Group”,“Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid “Milli.Biz” ekosistemi çərçivəsində hal- hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. “Milli.Biz” ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.
2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

