“AzerGold”un Müşahidə Şurasının iclası keçirilib

“AzerGold”un Müşahidə Şurasının iclası keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni tərkibdə formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.

ASC-dən bildirilib ki, Müşahidə Şurasının yeni sədri Mətin Eynullayevin sədrliyi ilə keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari məsələlər, o cümlədən nizamnamə kapitalının artırılması, strateji inkişaf, maliyyə-investisiya, istehsalat və kadr məsələləri ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev bildirib ki, dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” QSC həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət ilə ölkəmizin qeyri-neft sektorunun inkişafında, qeyri-neft ixracı potensialının artırılmasında önəmli rol oynayır. M.Eynullayev Azərbaycan İnvestisiya Holdinqi tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini diqqətə çatdırıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

BusinessTime