AKTA-nın yeni hədəfləri açıqlanıb

AKTA-nın yeni hədəfləri açıqlanıb

Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2023-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Hesabat tədbirində AKTA ümumi yığıncağının üzvü olan hüquqi şəxslərin, eləcə də AKTA tərəfdaşı olan qurum və təşkilatların, o cümlədən ali təhsil müəssisələri və şirkətlərin rəhbər və nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AKTA İdarə heyətinin sədri Elvin Balacanov Assosiasiya tərəfindən 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətə dair hesabatı təqdim edib. 2022-ci il aprelin 19-da dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə dəstək vermək məqsədilə fəaliyyət göstərən AKTA-nın üzvlüyünə il ərzində ümumilikdə 178 müraciətin ünvanlandığı və 86 subyektin AKTA üzvlüyünə qəbul edildiyi bildirib. Həmçinin hazırda 50-si hüquqi şəxs olmaqla, AKTA üzvlərinin sayının 110 olduğu vurğulanıb.

Eyni zamanda, cari ildə AKTA tərəfindən 30-dan çox müxtəlif tədbirin, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 90-dan çox müxtəlif şirkət və təşkilatla görüş və müzakirələrin keçirildiyi qeyd edilib. AKTA-nın İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri (OIC-CERT) əməkdaşlıq platformasına üzv seçildiyi, eləcə də ölkənin 14 ali təhsil müəssisəsində kiberklubların yaradılmasına dəstək verildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 161 ölkənin yer aldığı “Milli Kibertəhlükəsizlik İndeksi”nin reytinq cədvəlində Azərbaycanın 36 pillə irəliləməsi təmin olunub.

Fasilədən sonra AKTA sədri Assosiasiyanın 2024-cü il üzrə Tədbirlər Planının layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Növbəti il ərzində AKTA tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi tədbirlərlə yanaşı, bir sıra yeni və spesifik tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığı bildirilib.

Tədbirdə, həmçinin AKTA-nın yenilənmiş veb-saytı (www.akta.az) təqdim edilib. AKTA sədrinin müavini Rauf Cabarov Assosiasiyanın yenilənmiş veb-saytı barədə məlumat verib.

Ümumi yığıncağın üzvləri, o cümlədən tərəfdaş qurum və təşkilatların nümayəndələri çıxış edərək, AKTA-nın 2023-cü il üzrə fəaliyyətini uğurlu hesab ediblər. 2024-cü il ərzində AKTA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair rəy və təkliflər səsləndirilib. Xüsusilə Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Strategiyanın Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icra olunmasına dəstək verilməsinin xüsusi önəmi vurğulanıb.

Tədbirdə, həmçinin AKTA üzvlüyünə yeni qəbul olunmuş hüquqi şəxslərə müvafiq sertifikatlar təqdim olunub.