Almaniyanın səfiri Göygöl rayonuna səfər edib

Almaniyanın səfiri Göygöl rayonuna səfər edib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonuna səfər edib.

Səfər çərçivəsində qonaq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Milli Məclisin Deputatı Nurlan Həsənov görüşüb.

Görüş zamanı bildirilib ki, Göygöl rayonunun mərkəzi olan Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Vürtemberq krallığından gəlmiş almanlar tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda alman memarlığı üslubunda 400-dən artıq evlər tikilərək 6 küçə salınmışdır. Azərbaycan xalqı bu torpaqlara pənah gətirmiş almanlarla uzun illər mehribanlıq, dostluq və anlaşma içində yaşamışdır. Almanlar 1941-ci ildə Orta Asiya və Sibirə deportasiya edilsələr də, onların fəaliyyəti, bu bölgənin inkişafında qoyduqları izlər Azərbaycan xalqı tərəfindən unudulmayıb və razılıq hissi ilə xatırlanır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici dövlətlərlə sıx dostluq əlaqələri yaratmaq istiqamətində addımlar atmışdır. 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin Almaniyaya ilk rəsmi səfərindən sonra iki ölkənin münasibətləri yüksələn xətt üzrə inkişaf etmişdir. Prezident cənab İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyası, ölkəmizin xarici tərəfdaşları ilə işbirliyinin möhkəmləndirilməsi üçün məqsədyönlü addımlar atır. Bu sahədə Almaniya ilə sıx əlaqələr xüsusi yer tutur və Almaniya Azərbaycanın Avropadakı yaxın dostu və tərəfdaşıdır. Keçmiş Helenendorf, bugünkü Göygöl şəhəri iki ölkə və xalq arasında dostluğun tarixi təcəssümüdür.

Eyni zamanda bildirilib ki, bugünkü görüşün bölgədə alman irsinin daha da inkişafına, gələcək imkanların və əlaqələrin, həmçinin turizmin inkişaf etdirilməsinə böyük töhfəsi olacaq.

Səfər çərçivəsində qonaqlar  Alman Lüteran kilsəsinə, sonuncu alman Viktor Klaynın ev muzeyinə ekskursiya ediblər.

Səfir Ralf Horlemann Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəbində olub, şagirdlərdən ibarət xor kollektivinin çıxışını dinləyib. Uşaqlar Azərbaycan və Alman dillərində mahnılar ifa ediblər.

Daha sonra proqrama uyğun olaraq qonaqların Göygöl Milli Parkına ekskursiyası təşkil olunub. Qonaqlara Göygöl Milli Parkı və burada təşkil olunmuş ekoturlar barədə geniş məlumat verilib.

Səfir Ralf Horlemann və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.