AQSİA Rumıniyada keçirilən konfransda iştirak edib

AQSİA Rumıniyada keçirilən konfransda iştirak edib

Rumıniyada Qadın Sahibkarlar Assosiasiyasının təşkilatçılığı ilə konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Qadın Sahibkarlar İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, icraçı katibi Mətanət Ağamirli və “Artmood Agencyni” şirkətinin təsisçisi Xəyalə Mütəllimova təmsil ediblər.

AQSİA-dan  daxil olan məlumata görə, Rumıniya və Avropa parlamenti deputatlarının qatıldığı toplantıda çıxış edən natiqlər biznesdə qadınların rolunun daha da gücləndirilməsindən, təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs ediblər.

Konfransda Azərbaycan Qadın Sahibkarlar İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək iki ölkənin xanım sahibkarları arasında münasibətlərin əhəmiyyətindən danışıb. AQSİA sədri rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açaraq qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı istiqamətində ciddi addımlar atılır. Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının prezidenti, Yüngül Sənayedə İşəgötürənlər Federasiyasının prezidenti, Milli İxracatçılar Şurasının üzvü Maria Qrapininin moderatorluğu ilə gerçəkləşən konfransda Rumıniya Nümayəndələr Palatasının üzvü, deputat, siyasətçi Elena Stoica, Beynəlxalq Şəxsi Müəssisə Mərkəzi mütəxəssisi Camelia Bulat da çıxışlarında Azərbaycanla təmasların genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Səfər çərçivəsində Rumıniya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

BusinessTime