Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış siyasət həyata keçirir
Müstəqillik qazandıqdan sonra Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış və çoxvektorlu xarici siyasət həyata keçirərək müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu çərçivədə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır.
ŞƏT dünyanın ən nüfuzlu regional təşkilatlarından biri olub, əsasən təhlükəsizlik, iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirməyə yönəlib. Azərbaycan, təşkilatla “dost ölkə” statusunda qarşılıqlı əlaqələrini genişləndirərək bu çərçivədə sıx əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılmış, təşkilatın əsas məqsədi üzv dövlətlər arasında təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı gücləndirməkdir. Azərbaycan 2016-cı ildə təşkilatın dialoq üzrə tərəfdaşı statusunu alaraq, əməkdaşlıq platformalarında aktiv iştirak etməyə başlayıb.
ŞƏT regional təhlükəsizlik və terrorizmlə mübarizəyə xüsusi diqqət yetirir. Azərbaycan, bu sahədə geniş təcrübəyə malikdir və təşkilatın anti-terror mexanizmləri ilə əməkdaşlıq edir. Azərbaycan Avrasiya enerji təhlükəsizliyinin əsas aktorlarından biri kimi, ŞƏT üzvləri ilə enerji sahəsində əməkdaşlıq etməsidir. Dövlət başçımız cənab İlham Əliyevin bu ilin yanar ayında Davos Forumu zamanı Çinin nüfuzlu CGTN telekanalına verdiyi geniş müsahibəsində bir çox məqamlarla yanaşı Azərbaycan-Çin əlaqələrinə də xüsusi yer ayırdı. Müsahibə zamanı ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə hazırkı münasibətləri və gələcək prespektivlər haqqında geniş bəhs etdi.
Qeyd etməliyik ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri ŞƏT ölkələrinin maraqlarına tam uyğundur. Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı arasında münasibətlər dostluq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu əlaqələr enerji, nəqliyyat, təhlükəsizlik və mədəni əməkdaşlıq sahələrində inkişaf etməkdədir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığını daha da dərinləşdirməsi, ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Avrasiya regionunda sülh və sabitliyə töhfə verə bilər. Müshibə zamanı Ölkə başçısının toxunduğu digər önəmli məqamlardan biri Azərbaycan-Amerika münasibətləri idi. Qeyd edək ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı münasibətlər strateji əhəmiyyət kəsb edir və müxtəlif sahələri əhatə edir. İkitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyması, həm Azərbaycanın milli maraqlarına, həm də ABŞ-ın Cənubi Qafqazdakı strateji hədəflərinə xidmət edə bilər. Bu yeni dövr siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar yaradır.
Azərbaycan və ABŞ beynəlxalq arenada müxtəlif məsələlər üzrə dialoq aparır və strateji məsələlərdə ortaq maraqlara malikdirlər. ABŞ həm, də Azərbaycanın enerji sektorunda əsas tərəfdaşlardan biridir və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələrin inkişafında mühüm rol oynayıb. Azərbaycan və ABŞ arasındakı münasibətlərin yeni mərhələyə keçidi hər iki tərəf üçün strateji, iqtisadi və diplomatik baxımdan faydalı olacaqdır. Bu əməkdaşlıq Azərbaycan üçün yeni investisiya və inkişaf imkanları yaratmaqla yanaşı, ABŞ-ın Cənubi Qafqazdakı təsirini və tərəfdaşlıq imkanlarını artıracaqdır.
Mübariz Tağıyev;
Neftçala rayonu, müəllim

