Azərbaycan bu gün dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır - ŞƏRH

Azərbaycan bu gün dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır

Qürurvericidir ki, müasir Azərbaycan bu gün uğurlara, qələbəyə köklənmiş vətənpərvər gəncləri ilə seçilir. Dövlətimiz inkişaf etdikcə, qüdrətləndikcə güclü mənəvi xüsusiyyətə malik gənc nəsil yetişir ki, bu da öz növbəsində Azərbaycanımızı daha böyük uğurlara doğru istiqamətləndirir.

Əldə olunan uğurlar isə ölkəmizin beynəlxalq aləmdə tanınmasına, onun nüfuzunun daha da  artmasına gətirib çıxarır. Faktdır ki, hər bir ölkənin vətəndaşı öz əməyi, öz uğurlu fəaliyyəti ilə ölkəsini tanıdır, gücləndirir. İdman aləmi də belə gərəkli fəaliyyətlərdən biridir. Çünki, qazanılan hər bir qələbə, əldə olunan hər bir uğur, idman arenasında olsa belə ölkəmizin tanınması və ucalığı, himnimizin qürurla səslənməsi, ən vacibi isə bayrağımızın qürurla yüksəklərdə dalğalanması deməkdir. İdmançılarımızın hər bir zəfəri isə bütün azərbaycanlılarda, harada yaşamalarından, idmanı sevib-sevməmələrindən  asılı olmayaraq, hər kəsdə vətənpərvərlik hissinin coşmasına, daha da artmasına, birlik və həmrəyliyin daha da güclənməsinə səbəb olur. Kökü min illərə dayanan Azərbaycan xalqı gücü və qüdrəti ilə seçilən xalqdır. Və bu qədim xalq, idman sahəsi ilə bərabər, hərb meydanında da öz qələbə əzmini, öz döyüş ruhunu, bütün dünyaya sübut etdi. Bu ruh bizim, xalq, millət olaraq, içimizdə, ruhumuzda, damarlarımızda dolaşan qanımızdadır.

Bu, həm də ruhumuzu saran ölçüyəgəlməz vətənsevərlik  coşqusu, yurd, torpaq eşqindən doğan vətənpərvərlik duyğusu, yüksək insani keyfiyyətlərə dayanan, yalnız türk  qanına xas qeyrət, namus hissidir ki, 44 günlük Vətən Müharibəsində müqəddəs şəhidlərimiz, qazilərimiz, hünərvər oğullarımız öz qəhrəmanlıqları və rəşadətləri ilə millətimizin adını yüksəltdilər, tariximizin qəhrəmanlıq səhifəsini öz imzaları ilə yenilədilər. Tarix sübut edir ki, azərbaycanlıların  döyüş ruhu nə qədər yüksəkdirsə, mərhəmət və humanistliyi  də xalq olaraq, bir o qədər güclüdür. Bu amillər əlbəttə ki, idman yarışlarında da  özünü göstərir. Belə ki, beynəlxalq idman yarışlarında, arenalarda, qazanılan idman qələbələrində və nailiyyətlərimizdə dünya ölkələri idmançılarımızın hər zaman öz rəqiblərinə qarşı münasibətdə hörmət və ləyaqət  nümayiş etdirdiyinin şahidi olurlar. Bəli, həm ləyaqət hissini daşımaq, həm də önəmli olan qələbəni əldə etmək idmançılarımız üçün çətin və son dərəcə qürurvericidir.  

Onlar bu böyük məsuliyyəti öz çıyinlərində daşıyır, onlara göstərilən etmadı  doğrultmağa çalışaraq,  bayrağımızı zirvələrdə dalğalandırırlar. 2003-cü ildən bəri, Azərbaycanda, dövlət proqramı çərçivəsində  paytaxt və bölgələrdə  idmanın genişləndirilməsi və inkişafına, bu sahə üzrə yüksək infrastrukturun yaradılmasına başlanılmışdır. Ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyev, hər zaman, bu sahəyə böyük diqqət göstərmiş, idmançılarımıza qayğı ilə yanaşmışdır. Artıq tam əminliklə demək olar ki,  böyük səylə görülən işlər bir neçə ildir ki, öz bəhrəsini verməkdədir. Və tam məsuliyyətlə demək olar ki, Azərbaycan bu gün dünyanın aparıcı idman ölkələrindən birinə çevrilmişdir. Hər ilin sonunda Möhtərəm Prezident cənab İlham Əliyev yarışlarda fərqlənmiş, eləcə də adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırmış idmançıları qəbul edərək onlara ölkəmizi layiqincə təmsil etdikləri üçün təşəkkür edir, ən yüksək adlarla mükafatlandırır.

Əlbəttə ki, bu il də gözəl ənənə davam etmişdir. Məlum olduğu kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən çox müdal qazanmışlar ki, bunların da 600-dən çoxu qızıl medal olmuşdur. Bəli, bu rekord nəticədir. Hər il ölkə idmançıları Azərbaycanımızın adını dünyada layiqincə təmsil edərək böyük uğurlara imza atırlar. Artıq beş ildir ki, idmançılarımız, müzəffər ölkənin nümayəndəsi kimi yarışlarda məsuliyyətli olmaqla yanaşı, son dərəcə qürur və fəxarətlə çıxış edirlər!.

Rəna İmanzadə 
Neftçala rayonu